CƏMİYYƏT
Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsi İstanbulda anılıb
İstanbul, 22 may, AZƏRTAC
Mayın 19-da Bakıda yaşayış binasında yanğın nəticəsində baş vermiş faciədə həlak olanların xatirəsini yad etmək məqsədi ilə Türkiyə ictimaiyyətinin nümayəndələri, eləcə də bu ölkədəki həmyerlilərimiz Azərbaycanın İstanbuldakı baş konsulluğunun binasının divarları qarşısına çiçəklər düzüb, şamlar yandırıblar. Baş vermiş yanğın nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən professor Adil Abdullayev göstərdikləri həmrəyliyə görə toplaşanlara minnətdarlığını bildirib. Yaşayış binasında baş vermiş yanğınla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Dövlət Komissiyasının yaradıldığını diqqətə çatdıran professor qeyd edib ki, faciənin səbəblərinin araşdırılması, onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə zamanı zərərçəkənlərə və həlak olanların ailə üzvlərinə yardım göstərilməsi, o cümlədən faciəyə görə məsuliyyət daşıyanların cəzalandırılması barədə tapşırıqların icrasının vəziyyəti dövlətimizin başçısının birbaşa nəzarətindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul