İQTİSADİYYAT
Bakıda yeni piyada keçidi istifadəyə verilib
Bakı, 4 oktyabr, AZƏRTAC
Bakıda yeni piyada keçidi istifadəyə verilib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Binəqədi rayonu 7-ci mikrorayon ərazisində inşa olunan Bakı Metropoliteninin “Dərnəgül” elektrik deposu ərazisində yeraltı piyada keçidi istifadəyə verilib.
M.Əliyev küçəsi 3126-27-ci məhəllədə inşa olunan piyada keçidi ətraf ərazidə yaşayan sakinlərin rahatlığını təmin etmək məqsədi daşıyır. Belə ki, sakinlər tikintisi davam edən “Dərnəgül” elektrik deposunun həyətindən keçən müvəqqəti yoldan istifadə edirdilər. Bu da xüsusilə yağışlı havada bir sıra çətinliklər yaradırdı. Gələcəkdə depo ərazisindən keçməyin mümkün olmayacağını və sakinlərin rahatlığını düşünən Bakı Metropoliteni rəhbərliyi uzunluğu 154,36, eni 4, hündürlüyü isə 2,3 metr olan piyada keçidini artıq sakinlərin istifadəsinə verib. Layihəsi “Bakı Metropoliteni” QSC nəzdində fəaliyyət göstərən “Bakımetrolayihə” İnstitutu tərəfindən hazırlanan piyada keçidi Tikinti departamenti tərəfindən müasir standartlara cavab verən formada tikilib.