ELM VƏ TƏHSİL
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Bilik günü böyük sevinclə qeyd olunub VİDEO
Bakı, 15 sentyabr, Aygün Həsənova, AZƏRTAC
Sentyabrın 15-də ölkəmizdə növbəti tədris ili başlandı. Bu əlamətdar günü şagirdlər, müəllimlər və valideynlər həmişə olduğu kimi, bu il də böyük sevinclə qeyd edirlər. Bu tədris ilində Azərbaycanda 150 mindən çox uşaq birinci sinfə gedəcək.
Bilik günü Bakının Səbail rayonundakı 132-134 nömrəli Təhsil Kompleksində də təntənəli mərasimlə qeyd olunub.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bilik günü münasibətilə həm məktəbliləri, həm də valideynləri təbrik etdi. Prezident Administrasiyasının rəsmisi bu günün ölkəmizin, xüsusilə birincilərin həyatında əlamətdar bir gün olduğunu vurğuladı. Novruz Məmmədov dedi: “15 sentyabr, bu gün birinci sinfə qədəm qoyan balacaların həyatlarının ən vacib günlərindən biridir. Çünki onlar həyatlarında çox mühüm mərhələ olan bir dövrə qədəm qoyurlar. Bu gün onlar məktəbə elmlərin sirlərinə yiyələnmək üçün gəliblər. Ona görə də mən bütün ali və orta məktəblərdə təhsil alacaq gənclərə və uşaqlara uğurlar diləyir, müəllimlərə isə bu müqəddəs işdə həqiqi mənada xoş məramla çalışmağı arzu edirəm”.
132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova yeni dərs ilinin başlanması münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Bu əlamətdar günün birincilər üçün xüsusilə önəmli olduğunu vurğuladı.
Bu gün ən çox sevinənlər övladları bu il birinci sinfə qədəm qoyan valideynlər idi. Təhsildə baş verən yeniliklərin bu il daha keyfiyyətlə davam etməsini arzuladıqlarını bildirən valideyn Aida Sadıxova yeni dərs ilində hamıya uğurlar arzulayaraq dedi: “Mən hamını təbrik edirəm. Hər kəs üçün uğurlu il olsun. Uşaqlar dərslərini yaxşı hazırlasınlar, müəllimlərini incitməsinlər”.
Bütün məktəbliləri və tələbələri yeni dərs ili münasibətilə təbrik edən valideyn Sona Məmmədova bu günün onun üçün çox sevincli olduğunu dedi: “Mən bütün məktəblilərə uğurlar arzu edirəm, o cümlədən öz övladıma. Çünki o, bu il birinci sinfə gedir”.
Tədbirdə birinci sinif şagirdləri üçün hazırlanmış rəqslər və mahnılardan ibarət əyləncəli konsert proqramı təqdim olundu.
Sonra Bilik günündə ilk zəng çalındı və birincilər böyük sevinclə siniflərə daxil oldular.