RƏSMİ XRONİKA


Bakıdakı 32 nömrəli orta məktəb üçün yeni tədris korpusu tikilib
Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə tanış olub [YENİLƏNİB] VİDEO

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakının Nizami rayonundakı 32 nömrəli tam orta məktəb üçün yeni tədris korpusu tikilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də yeni tədris korpusunda yaradılan şəraitlə tanış olub.

Məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, 1963-cü ildən fəaliyyətdə olan məktəbdə bir neçə il bundan əvvəl əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib, məktəbin maddi-texniki bazası möhkəmləndirilib. Lakin sonradan şagird sıxlığına görə məktəbin genişləndirilməsi zərurəti yarandığından ərazidə yeni korpusun tikintisinə başlandı. Yeni korpusda 800 şagird yerlik 40 sinif otağı yaradılıb. Bütün sinif otaqları əyani vəsaitlər, tədris ləvazimatları ilə tam təchiz olunub. Yaradılan şərait isə ümumilikdə 1150 şagirdin təhsil aldığı məktəbin imkanlarını daha da genişləndirib. Belə ki, yeni dərs ilindən həm Azərbaycan, həm də rus bölmələrindən ibarət olan məktəb birnövbəli rejimə keçir.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Bilik günündə məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək.

Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət və qayğı, bu sahəni dövlət siyasətinin mühüm prioritetləri sırasına daxil etməsi təsadüfi deyil. Çünki ulu öndər Heydər Əliyevin də dediyi kimi, təhsil millətin gələcəyidir. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Bu siyasət həm də son illərdə tədris prosesinin günün tələbləri səviyyəsində qurulmasına imkan verən müasir məktəb binalarının inşasına istiqamətlənib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır