ELM VƏ TƏHSİL
Bakıdakı 7 nömrəli orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə bağlı tədbir keçirilib
Bakı, 3 oktyabr, AZƏRTAC
Bakı şəhərindəki dövlət ümumi təhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Bakı şəhərindəki 7 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarının fəaliyyətə başlamasına həsr olunan tədbir keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) nümayəndələrinin, müəllim və valideynlərin, məktəbəhazırlıq qruplarına qəbul olunan beş yaşlı uşaqların iştirak etdikləri tədbir Azərbaycan Respublikası Dövlət himninin səslənməsi ilə başlanıb.
Məktəbin direktoru Könül Həsənova məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqları və onların valideynlərini təbrik edib.
Tədbirdə məktəbəhazırlıq qruplarında tədrisin təşkili ilə bağlı məsələlərdən bəhs edən videoçarx nümayiş olunub.
Bildirilib ki, 2016-2017-ci tədris ili üçün Bakı şəhəri üzrə 847 məktəbəhazırlıq qrupuna 19 min 538 uşaq müraciət edib. BŞTİ-nin tabeliyindəki 254 məktəbdə həftədə dörd gün fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və onlarda müəyyən bilik, bacarıq vərdişlərin formalaşdırılmasıdır.
Məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı il oktyabrın 1-i şənbə günü olduğundan bu il məşğələlər oktyabrın 3-dən başlanıb.
Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına beş yaşı həmin il tamam olmuş uşaqlar qəbul ediliblər. Bununla belə, valideynlərin çoxlu sayda müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsil idarəetmə orqanlarına tövsiyə olunub.
Məktəbəhazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi və fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək. Bu qruplara bir gün ərzində üç məşğələ tədris olunacaq. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib.
Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.
Sonda məktəbdə məktəbəhazırlıq qruplarında ilk məşğələ aparılıb.