ELM VƏ TƏHSİL
Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda
Bakı, 26 noyabr, AZƏRTAC
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin yeni təyin olunmuş sədri Əhməd Sami Elaydi noyabrın 26-da AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, misirli diplomatın bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva ilə görüşündə qonağa burada ərəbşünaslıq sahəsində, xüsusən də Misirlə bağlı aparılan tədqiqatlar barədə məlumat verilib. Son vaxtlarda institutda bu sahədə nəşr olunmuş bir sıra kitablar Misir Mədəniyyət Mərkəzinin sədrinə təqdim edilib.
Azərbaycanşünas alim olan Əhməd Sami Elaydi özünün bu sahədə tədqiqatlarından danışaraq, ölkəmizə ürəkdən bağlı olduğunu dilə gətirdi. Misir Mədəniyyət Mərkəzinin sədri Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan, görülən işlərdən məmnun qaldığını bildirərək, qarşılıqlı elmi əməkdaşlığın hər iki ölkə alimlərinə faydalı olacağını bildirib.
Görüşdə Şərqşünaslıq İnstitutu ilə Misir Mədəniyyət Mərkəzi, həmçinin Misirin elm və təhsil müəssisələri ilə əməkdaşlığın perspektivləri müzakirə edilib, birgə elmi tədbirlərin, elmi layihələrin həyata keçirilməsi, qarşılıqlı elmi kadr mübadiləsinin imkanlarından söz açılıb.
Əhməd Sami Elaydi daha sonra Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. İnstitutun alimləri qonağa öz tədqiqatları barədə məlumat veriblər. Misir Mədəniyyət Mərkəzinin sədri Azərbaycanda ərəbşünaslıq sahəsində aparılan tədqiqatları yüksək dəyərləndirdiyini bildirib. O, özü ilə gətirdiyi ərəb dilində olan 5 mindən artıq kitabın elektron variantını Şərqşünaslıq İnstitutunun əməkdaşlarına hədiyyə edib.
Faydalı müzakirələr şəraitində keçən görüşdə qarşılıqlı əməkdaşlığın perspektivlərindən söz açılıb.