İQTİSADİYYAT
Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə veriləcək
Bakı, 28 iyun, Elvin Camalov, AZƏRTAC
İyulun 1-dən Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
O bildirib ki, artıq Bolqarıstana sərfəli qiymətlə və komfortlu avtobuslarla səyahət etmək daha asan olacaq. Belə ki, iyulun 1-dən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslər həyata keçiriləcək. Avtobus reysləri Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən baş tutacaq.
Ş.Mehmanqızı qeyd edib ki, reyslər həftənin cüt günləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həyata keçiriləcək. Biletin qiyməti 130 manat təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.