CƏMİYYƏT
Bakıdan olan dağ yəhudisi – iki dəfə “İlin adamı” adını qazanıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Professor Mixail Aqarunovla keçirilən hər görüşdə Azərbaycanın dağ yəhudilərinin tarixi, onun mədəniyyətinin inkişaf tarixi barədə çoxlu yeni məlumatlar öyrənmək olur. Əbəs yerə onu ensiklopedik biliyə malik insan adlandırmırlar. Özü də bu, onun fenomenal yaddaşı deyil, dərin və hərtərəfli biliyə malik olması baxımından ədalətlidir. Hazırda Mixail Aqarunov atası Yakov Aqarunovun qarşıdan gələn 110 illik yubileyi ilə əlaqədar onun arxiv qeydləri əsasında müxtəsər tərcümeyi-halını yenidən işləyir. Kitaba girişdə Mixail Aqarunov yazır:
“Əslən Qırmızı Qəsəbədən olanlar sırasında Yakov Mixayloviç Aqarunov bir nömrəli insandır”, - Azərbaycanın Quba şəhərində yəhudi icmasının başçısı Boris Simanduyev onun haqqında vaxtilə belə söyləyib. Qeyd etmək lazımdır ki, Qırmızı Qəsəbənin yaşlı sakinləri onu indiyədək bir nömrəli insan hesab edirlər. Tanınmış partiya xadimi Boris Zarbailovun oğlu da bu sözləri təkrarlayıb. O, 2011-ci ildə mənimlə görüşəndə dedi: “Sən heç bilirsən ki, dağ yəhudiləri arasında bir nömrəli adam kimdir? Bizim xalqımızın bir nömrəli adamı Yakov Mixayloviç Aqarunovdur. Sən onun oğlu kimi atan və onun məsləkdaşları haqqında kitab yazmağa sadəcə borclusan, - deyə Albet Borisoviç bildirdi”.
Yakov Mixayloviç Aqarunov uzun və maraqlı ömür sürüb. Onun haqqında müxtəlif ensiklopediya və kitablarda, yoldaşlarının xatirələrində, dağ yəhudilərinin - bu maraqlı xalqın tarixi ilə məşğul olan müxtəlif alimlərin tədqiqatlarında çox yazılıb. Lakin təxminən 25 il olar ki, o, aramızda yoxdur. Bəs kimi bu gün bir nömrəli insan adlandırmaq olar? Bu sual üzərində düşündükcə daha çox əmin olursan ki, professor Mixail Aqarunov doğma xalqının maariflənməsi və onun yəhudi dininə sitayiş edən xalqlar arasında imicinin artırılması istiqamətində atasının gördüyü işlərin layiqli davamçısıdır.
Bu, həqiqətən belədir. Axı müharibədən sonrakı illərdə ilk dəfə o, yəhudi geneologiyası üzrə beynəlxalq konfranslarda (Fransa, İngiltərə, Almaniya) çıxış edərək geniş yəhudi ictimaiyyətinə dağ yəhudiləri haqqında böyük təfsilatı ilə məlumat verib. Konfrans iştirakçıları və təşkilatçıları sonra razılıqla bildiriblər ki, bu cür xalqın mövcudluğu haqqında onlarda əvvəllər heç vaxt məlumat olmayıb. Bu məsələlərlə bağlı ona dünyanın bir çox ölkələrindən müraciət etməyə başlayıblar.
Postsovet dövründə Azərbaycanda Qırmızı Qəsəbənin Yer üzündə yəhudi millətindən olan insanların yığcam yaşadıqları yeganə yer kimi mövcudluğu barədə məlumatı da ilk dəfə o verib və bunu Azərbaycanda yaşayan xalqların ənənəvi tolerantlığı ilə əlaqələndirib. O, Azərbaycanda antisemitizmin olmaması barədə dünya ictimaiyyətinə car çəkən ilk adamlardan biridir və fikrini qədim və müasir mənbələrdən tapdığı elmi dəlillərlə sübut edib.
O, dağ yəhudiləri arasında görkəmli şəxslər – alimlər, dövlət xadimləri, sənət adamları, müəssisə rəhbərləri, sərkərdələr barədə məlumatların axtarılması üzrə atasının apardığı işi uğurla davam etdirib, tapdığı məlumatları dünyanın müxtəlif ensiklopediyalarına təqdim edib.
Mixail Aqarunov dağ yəhudiləri arasında ilk dəfə olaraq Holokost kimi müdhiş hadisəni araşdırmağa başlayıb, hadisədən zərər çəkmiş həmvətənlərinin axtarışına, İkinci Dünya müharibəsinin döyüş meydanlarından qayıtmayanların siyahısını tərtib etməyə başlayıb. Bunun üçün o, Qubanın, Bakının, Moskvanın, Almaniyanın arxivlərində, habelə SSRİ Müdafiə Nazirliyinin Mərkəzi Arxivində sənədləri araşdıraraq tədqiqat istiqamətində yeni çığır açıb, bütün məlumatları “Xatirə Kitabı”na, Holokost Muzeyi “Yad-va-Şem”ə və digər yerlərə təqdim edib.
Müharibə illərində öz həyatını təhlükəyə ataraq dağ yəhudilərini faşistlərdən qoruyan azərbaycanlılar haqqında məlumatı ilk dəfə Mixail Aqarunov verib.
Qeyd etmək yerinə düşər ki, Mixail Aqarunov müharibə illərində neft sənayesinin idarə edilməsi sahəsində məlumatların toplanması və dərc edilməsi istiqamətində də atasının işini davam etdirib. Ölkənin arxivlərində və onun ailə arxivində saxlanılan rəsmi sənədlər əsasında ilk dəfə o məlumat verib ki, müharibə illərində indiyədək qəbul edildiyi kimi neftin 75 faizini deyil, praktik olaraq 100 faizini Azərbaycan neftçiləri veriblər.
Nəhayət, o, dünyada ilk dəfə öz xalqının elmi şəkildə işlənmiş böyük həcmli lüğətini nəşr etdirib.
Bundan başqa, qədim yəhudi qrafikasında doğma dildə yazılmış əlyazmaları və kitabları ilk dəfə o oxuyub ki, bunun nəticəsində dağ yəhudilərinin tarixinə dair bir çox mübahisəli suallara cavab tapılıb. Bu siyahını yenə də uzatmaq olar.
Lakin ən vacibi odur ki, artıq Mixail Aqarunovun davamçıları var. Açıq desək bu davamçıları onun şagirdləri hesab etmək lazımdır, çünki Mixail Aqarunov özünün məşğul olduğu araşdırmalara onlarda maraq oyadıb. O, öz xalqının öyrənilməsi işinə dağ yəhudilərini cəlb etmək üçün çox iş görüb. Öz əsərlərində, çıxışlarında o, həmyerlilərini bu işə qoşulmağa çağırıb, hesab edib ki, öz tarixinin, xüsusilə öz dilinin öyrənilməsi işini məhz bu yolla uğurla inkişaf etdirmək olar. Çoxları Mixail Aqarunova ona görə minnətdardır ki, ona məsləhət üçün müraciət edən hər kəs onun simasında illər boyu dünya ölkələrinin arxivlərində və kitabxanalarında min bir zəhmətlə toplamış olduğu külli miqdarda məlumatı, habelə özünün çıxardığı nəticələri və analitik materiallarını səxavətlə təqdim edən xeyirxah müəllim görüb.
Belə olan halda Mixail Aqarunovu mənsub olduğu xalqın nümayəndələri sırasında bir nömrəli insan adlandırmaq olarmı? O, buna etiraz edir və bildirir ki, bu cür “ciddi olmayan” suallara cavablar insan vəfat edəndən uzun illər sonra aydınlaşır.
Hər halda bütün dağ yəhudiləri, hətta Mixail Aqarunovun tanımadığı insanlar da onun ikicildlik cuuri dili lüğətini nəşr etdirdiyinə görə 2011-ci ildə “İlin adamı” seçilməsinə səs veriblər. “STMEQİ” saytında səsvermənin yekunlarına görə on namizəd arasında Mixail Aqarunovun birinci yer tutması barədə xəbər veriləndə, riqqət doğuran o qədər təbrik məktubu gəldi ki, bu yaşlı insana həmvətənləri arasında necə böyük hörmət bəsləmələri aydın oldu. Bu təbrik və arzular bir çox saytlarda dərc edilib. Onlardan cəmi bir neçəsini nümunə gətirək.
“Our Baku” internet portalının rəhbəri İrina Rote yazır: “Xoşbəxtəm ki, Mixail Yakovleviçlə şəxsən tanışam. Biz onunla Bakıda və Azərbaycanda dağ yəhudilərinin tarixi, onların dili, habelə onun ailəsinin tarixi barədə çox fəal yazışırdıq. O, atasının başladığı işi öz işinə çevirən çox maraqlı insandır. Bütün bunlar onun böyük mütəxəssis hesab edildiyi əsas işi ilə paralel gedir. Bir sözlə, Mixail Aqarunovun adını eşitməyən hər kəsi bu gözəl insanla tanış etməyə hazıram. Mixail Aqarunovu tanıyanlar üçün isə onun “İlin adamı-2011” yüksək adına layiq görülməsi barədə məlumatın özü maraqlı olacaq”.
Tarix elmləri doktoru İqor Semyonov (müsahibəyə rəy): “Çox maraqlı müsahibədir, lakin onda lüğət mövzusu çatmır. Bu həmin mövzudur ki, xalqımızı Mixail Yakovleviç Aqarunova borclu edir. Mixail Yakovleviç hansı işdən yapışsa, onu yüksək səviyyədə ortaya qoyacaq. Bu, onda təkcə Tanrı vergisindən irəli gəlmir. O, sadəcə işlədiyi materialın mükəmməl olmasına çox vaxt və diqqət ayırır. Bu, lüğətlərə də aiddir. Biz lüğətlərə görə ona borcluyuq. Linqvistika elmi də ona borcludur. İndi İran dillərinin istənilən müqayisəli-tarixi və etimoloji lüğətləri onun materiallarına istinad edəcək, çünki həm ixtisaslaşma, həm də icra səviyyəsi baxımından onun tayı-bərabəri yoxdur və bundan sonra çətin ki olar”.
Danilov Danil İlyiç: “Olduqca maraqlıdır! Dağ yəhudiləri Sizə borcludurlar. Bu, İqor Semyonovun sözləridir. Mən də onun fikirlərinə qoşuluram və əlavə edirəm: Yer planetinin iki yüz min dağ yəhudisinin siyahısı Sizinlə başlayır, Mixail Yakovleviç. Çox sağ olun!”.
Yakov Abramov: “Əziz Mixail! Qafqaz (dağ) yəhudilərinin müsbət imicinin inkişafı işində Aqarunovların töhfəsi əvəzsizdir. Çox sağ olun!”.
Sima İzmaylova: “Biz nəinki dilimizin qorunub saxlanmasına Sizin töhfənizi, həm də müraciət edən hər kəsə xeyirxah məsləhət verməyə və kömək etməyə hazır olmağınızı qiymətləndiririk. Üstəlik bütün bunları müraciət etməyənlərə təklif etməyinizi də...”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut: “Mənim üçün Mixail Yakovleviç canlı əfsanə və dağ yəhudilərinin vicdanıdır. O, öz nümunəsi, həyatı və çoxşaxəli fəaliyyəti ilə əhatə olunduğu adamlar sırasında elə nüfuz qazanıb ki, bir şəxsin, ya da bütöv xalqın taleyüklü məqamında bütün baxışlar ona yönəlib. Mixail Yakovleviçə etibar edir və inanırlar, onda dağ yəhudilərinin vicdanı yaşayır. Bu cür insanlar əsrlər boyu az olub. Mixail Yakovleviçə və onun ilham pərisinə – Turan xanıma cansağlığı, xoşbəxtlik və adları böyük hərflə yazılan bu böyük İNSANIN məşğul olduğu hər bir işdə uğurlar arzu edirəm”.
2011-ci ildə dağ yəhudilərinin mədəni dəyərlərinin və ənənələrinin qorunub saxlanması və inkişafı işinə çox böyük töhfə vermiş və icma səviyyəsində özünü göstərmiş adamların namizədliyi təqdim edilmişdi. Bunlar yazıçılar, siyasətçilər, ictimai xadimlər, habelə mədəniyyət və incəsənət xadimləri idi. Onların sırasında ən çox səsi həmin ildə dağ-yəhudi dilinin ikicildlik lüğətini nəşr etməsinə görə professor Mixail Aqarunov toplayıb.
Xayfa şəhərində yerləşən Mədəniyyət Sarayında diplomun və xatirə hədiyyəsinin təqdimindən sonra Mixail Aqarunov cavab olaraq deyib: “Mən müsabiqə iştirakçılarına və əməyimi yüksək qiymətləndirib ona səs verənlərə, habelə bu hadisə münasibətilə və bu yaxınlarda olmuş yubileyim münasibətilə məni təbrik edən çoxsaylı insanlara minnətdarlığımı bildirirəm. Mənim lüğətlərin böyük miqdarda insanların – dilimizin daşıyıcılarının, bizim dağ-yəhudiləri icmasının nümayəndələrinin müstəsna köməyi sayəsində uğurla hazırlandı. Mən hamıya dərin təşəkkürümü bildirirəm və gücüm çatdıqca mənsub olduğum xalqın mənafeyi naminə elmi axtarışlar sahəsində başladığım işi davam etdirəcəyəm”.
BDU-nun məzunu olan Mixail Aqarunov 20 ildən çox Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib və 15 ilədək Dövlət Dəniz Neft-Qaz Layihə Elmi-Tədqiqat İnstitutunda laboratoriya müdiri işləyib. O, altı kitab və 200-dən çox elmi və publisistik məqalənin müəllifidir. Son illər Azərbaycanda dağ yəhudiləri mədəniyyətinin, dilinin və yazısının inkişafı sahəsində respublikanın yəhudi təşkilatlarında böyük elmi və ictimai iş aparıb. Onun “Azərbaycanın yəhudi icması” analitik xülasəsinə bir çox nəşrlərdə və KİV-də istinad edilir.
Mixail Aqarunov əsl vətənpərvərdir, öz yazılarında və bir çox beynəlxalq konfranslarda (ABŞ, Paris, London, Almaniya, Rusiya, İsrail) Azərbaycan xalqının tolerantlığını təbliğ edir. 2004-cü ildə İsrailə repatriasiya edib. Mixail Yakovleviç Aqarunovun bu il 80 yaşının tamam olacağına baxmayaraq indi də fəal surətdə ictimai iş aparır, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının Ağsaqqallar Şurasının sədridir, İsrail Rusdilli Yazıçılar İttifaqının üzvüdür, habelə İsraildə populyar “Qafqaz qəzeti”nin və “Mirvari” ədəbi-publisistik almanaxının redaksiya heyətinin üzvüdür.
2011-ci ilin iyul ayında professor Aqarunov İsraildən olan nümayəndə heyətinin tərkibində Dünya Azərbaycanlılarının III Qurultayında iştirak edib. Azərbaycanda olduğu günlərdə Bakıda yerləşən Yəhudi Evində onun üzərində 20 il çalışdığı “Dağ yəhudiləri cuuri dilinin böyük lüğəti”nin təqdimatı uğurla keçib. Qeyd etmək lazımdır ki, əslən Azərbaycandan olan yəhudilərin işlətdikləri əlifba Rusiya Federasiyasında yaşayan yəhudilərin əlifbasından fərqlənir. Tərtibçinin xidməti ondadır ki, rahatlıq üçün lüğət hər iki variantda nəşr edilib. Onlardan biri Bakıda, digər variant Rusiyada nəşr edilib. Kitab uğurla yayılır və dünyanın bir çox kitabxanalarında və aparıcı universitetlərində yer alıb. Demək lazımdır ki, bu cür həcmdə lüğət (30 mindən çox söz və söz birləşməsi) ilk dəfə dağ yəhudilərində meydana gəlib.
Bu ilin avqust ayında, düz beş il sonra Mixail Aqarunov İsraildə öz icması tərəfindən yenidən doğma cuuri dilinin tədqiqi, qorunması və inkişafı sahəsinə verdiyi sanballı töhfəyə görə “İlin adamı-2016” seçilir. Ötən beş il ərzində Mixail Aqarunovun iki kitabı nəşr edilib. Bu kitablardan birində müasir ədəbiyyatın hazırda dünyanın bir çox ölkələrinə səpələnmiş dağ yəhudiləri tarixinin, mədəniyyəti, dili və yazısının inkişafının öyrənilməsi məsələlərinə həsr edilən tənqidi xülasəsi və təhlili tədqiq olunub. Qeyd etmək lazımdır ki, bunların çoxu onun son illər elmi, elmi-populyar və publisistik məqalələri, habelə müxtəlif elmi forumlarda çıxışlarıdır.
Hazırda Mixail Aqarunov daha bir neçə publikasiyasını, o cümlədən Azərbaycan dağ yəhudilərinin mədəniyyətinin inkişafında dönüş məqamları məsələləri üzrə yeni elmi monoqrafiyasını və müasir dağ yəhudilərinin tarixi ilə bağlı publisistik yazılardan və avtobioqrafik qeydlərdən ibarət toplusunu nəşrə hazırlayır.
Anadan olmasının 80 illik yubileyi ərəfəsində iki dəfə “İlin adamı” adına layiq görülmüş professor Mixail Yakovleviç Aqarunovu həm elmi mühit, həm də öz xalqının nümayəndələri tərəfindən bu cür yüksək qəbul edilməsi münasibətilə ürəkdən təbrik edirik.