CƏMİYYƏT
“Bakıətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi başa çatıb
Bakı, 24 dekabr, AZƏRTAC
“Gənc mühasiblər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bakıətrafı qəsəbələrdə yaşayan gənclərin sahibkarlıq fəaliyyətinə dəstək” layihəsi başa çatıb. Müraciətlər əsasında seçilmiş gənc sahibkarlara “Sahibkarlıq fəaliyyəti və məqsədlər”, “Sahibkarlıqda marketinq və satış strategiyası”, “Bazar çevrəsi və bazar fürsətləri”, “Vergilər”, “Mühasibat uçotu” adlı təlimlər keçirilib. Layihə çərçivəsində dörd qrup və hər qrupa beş gün təlim keçirilib. Təlimlərdən 60-a yaxın gənc sahibkar faydalanıb.
“Gənc mühasiblər” İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.4-cü bəndinə - Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun təmin edilməsi və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramında qeyd olunan bəndlərə uyğun olaraq həyata keçirilib.