İQTİSADİYYAT


“Bakıkhanov Residence” yaşayış kompleksində mənzil sahiblərinə hazır çıxarışlar təqdim olunub

A+ A

Bakı, 30 noyabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) fərdi evlər və torpaq sahələri ilə yanaşı, yeni inşa edilən hündürmərtəbəli binalardakı mənzillərin də sənədləşdirilməsini və çıxarışların verilməsini davam etdirir.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, komitənin “Kütləvi çıxarış” kampaniyası birbaşa çoxmərtəbəli yaşayış binalarının həyətində, sakinlərin ünvanında keçirilir. Noyabrın 30-da keçirilən kampaniyada paytaxtın Sabunçu rayonunda yerləşən “Bakıkhanov Residence” yaşayış kompleksində mənzil sahibi olan vətəndaşlar faydalanıb. Yaşayış kompleksinin həyətində komitənin mobil ofislərində 40-a yaxın mənzil sahibinə hazır çıxarışlar təqdim edilib.

Azərbaycanın, xüsusilə də paytaxt Bakının daşınmaz əmlak bazarında çoxmərtəbəli binalardakı mənzillərin payı sürətlə artmaqda, belə mənzillərin sakinlərinin sayı çoxalmaqdadır. Buna görə də həmin mənzillərin dövlət qeydiyyatı və çıxarışla təmin olunması xüsusi əhəmiyyət daşıyır.

“Bakıkhanov Residence” yaşayış kompleksində kampaniya zamanı çıxarış əldə etmiş sakinlər qeydiyyat xidmətlərindən razılıqlarını bildirib, komitənin bu tədbirini yüksək qiymətləndiriblər.

Komitənin həyata keçirdiyi tədbirlər nəticəsində hazırda yeni inşa edilən çoxmərtəbəli yaşayış binalarının sakinləri öz mənzilləri üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışları daha rahat və tez əldə edə bilirlər. Qeyd edək ki, hündürmərtəbəli binada mənzilə dair çıxarış almaq üçün prosedur kifayət qədər sadədir. Belə ki, binanın istismara qəbul aktı olduğu təqdirdə yalnız protokoldan çıxarış və maliyyə arayışını təqdim etmək yetərlidir. Nəticədə sakinlər bu kampaniya sayəsində heç bir yerə getmədən, gündəlik işlərindən ayrılmadan və əlavə nəqliyyat xərci çəkmədən çıxarış sahibi olurlar. Bu isə operativliyi, şəffaflığı və komitənin xidmətlərində vətəndaş məmnunluğunu daha da artırıb.

Artıq iki ilə yaxındır ki, “Kütləvi çıxarış” kampaniyası vətəndaşlara öz evlərini, mənzillərini, torpaq sahələrini heç bir yerə getmədən elə öz ünvanlarında sənədləşdirmək imkanı yaradıb. Bununla da, əmlakın sənədləşdirilməsi üçün əvvəllər mövcud olan qeydiyyat prosesi tamam sadələşib, vətəndaş-məmur təması azalıb.

Çoxmərtəbəli binalardakı mənzillərin çıxarışla təmin olunması bu sahə üçün böyük əhəmiyyət daşıyır. Belə ki, çıxarışın verilməsi həmin əmlak üzərində hüquqların dövlət tərəfindən tanınması olduğundan, vətəndaşlar belə evlərə daha əminliklə sərmayə yatıra bilərlər. Bu da tikinti sektorunun dirçəlməsinə və inkişafına şərait yaradır.

Kütləvi qaydada çıxarışların verilməsi ilə vətəndaşların mülkiyyət hüquqlarının təmin olunması daşınmaz əmlak bazarına da öz müsbət təsirini göstərir. Belə ki, bazara sənədli və qeydiyyatdan keçmiş leqal əmlakların daxil olması əmlak bazarında aktivliyə, əmlakla bağlı hüquqi əməliyyatların çoxalmasına səbəb olur. Çıxarışı olan əmlak ilk öncə hüquqi baxımdan etibarlıdır və rahat şəkildə, heç bir maneəsiz alqı-satqı proseslərinə cəlb oluna, girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.

Xidmətlərin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Məhz yaradılan rahat və əlverişli şərait kampaniyanın getdikcə daha çox vətəndaşın diqqətini cəlb etməsinə, bu kampaniyada iştirak üçün müraciətlərin çoxalmasına səbəb olur. Kampaniya nəticəsində həm paytaxt, həm də regionlarda, eləcə də kənd və qəsəbələrdə vətəndaşların öz əmlakları üzərində mülkiyyət hüquqları rahat şəkildə rəsmiləşdirilir.

Qeyd edək ki, kampaniyadan faydalanmaq istəyən şəxslər 148 saylı Çağrı Mərkəzinə zəng vura bilər (148 daxili 1 sonra 5). Kampaniyanın və mobil ofis xidmətinin keçirildiyi aylıq qrafik komitənin rəsmi internet səhifəsində yerləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.