İQTİSADİYYAT
Bakının 60 mindən çox sakini "Uber" beynəlxalq texnologiya şirkətinin tətbiqindən fəal istifadə edir
Bakı, 31 may, AZƏRTAC
Bakı şəhərinin 60 mindən çox sakini şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan "Uber" beynəlxalq texnologiya şirkətinin tətbiqindən fəal istifadə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə "Uber"in MDB ölkələri üzrə regional meneceri Aleksey Stax mayın 31-də "Uber"in Bakıda birillik fəaliyyətinin yekunlarına həsr edilmiş tədbirdə məlumat verib.
"Uber"in tətbiqi yerli bazarda istifadəyə verildiyi dövrdən etibarən Bakıda bu tətbiqdən yarım milyondan çox istifadəçi yararlanıb ki, bunlar həm paytaxt sakinləri, həm də istirahətə və ya işgüzar səfərə gələn turistlərdir. Bakıda bu tətbiqdən əcnəbi qonaqlar, o cümlədən həm turistlər, həm də biznes-səyahətçilər fəal istifadə edir. Paytaxtda bu tətbiqdən dünyanın 40 ölkəsindən, o cümlədən Rusiya, Böyük Britaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Türkiyə, İsveçrə, Çexiya, Qətər, Polşa və digər ölkələrdən gələn turistlər yararlanır. Bakıda istifadəyə verildiyi gündən "Uber" sistemdəki tərəfdaş sürücülərin sayını xeyli artırıb. Bununla yanaşı, şirkət avtomobilin sifariş olunan ünvana çatdırılma vaxtını 8 dəqiqədən 5 dəqiqəyədək azaldıb.
A.Stax diqqətə çatdırıb ki, dünyanın 70 ölkəsinin 400 şəhərində gün ərzində "Uber"dən istifadə sayı 7 milyonu ötür. İstismara verildiyi gündən "Uber" istifadəçilərinin qət etdikləri məsafə bir milyon kilometrdən çoxdur.
Qeyd edək ki, "Uber" şəxsi sürücü ilə avtomobillərin sifarışı üzrə mobil xidmətlərin hazırlanması ilə məşğul olan beynəlxalq texnologiya şirkətidir. Şirkət dünyanın 60 ölkəsinin 360 şəhərində xidmətlərini təqdim edir. MDB ərazisində "Uber" Rusiya (Moskva, Sankt-Peterburq, Yekaterinburq, Kazan, Novosibirsk, Rostov, Soçi, Krasnodar, Nijni Novqorod və Ufa), Belarus (Minsk) və Azərbaycanda (Bakı) fəaliyyət göstərir. Şirkət və onun təqdim etdiyi xidmətlər haqqında ətraflı məlumatı https://www.uber.com veb-səhifəsindən əldə etmək mümkündür.