İQTİSADİYYAT
Bakının Mikayıl Əliyev küçəsində təmir-tikinti işləri yekunlaşır VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Bakının Nizami rayonu, Mikayıl Əliyev küçəsinin Rüstəm Rüstəmov küçəsi və Babək prospektləri arasında yerləşən hissəsində aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Təmir işlərinin aparıldığı ərazinin uzunluğu 1450 metr, küçənin eni isə 20 metrdir.
Bu barədə AZƏRTAC-a təmir işlərini həyata keçirən “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Məlumatda qeyd olunub ki, sözügedən ərazidə səth sularının kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin olmaması yolda müəyyən problemlərə gətirib çıxarırdı. Həm yolun asfalt-beton örtüyü tez sıradan çıxırdı, həm də nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranırdı. Bütün bunları nəzərə alan “Azəryolservis” ASC tərəfindən küçədə 1 kilometrdən artıq yağış-kanalizasiya sistemi qurulub. Bununla da Mikayıl Əliyev küçəsində səth suları problemi köklü şəkildə aradan qaldırılıb.
Bu küçədə vətəndaşların normal və təhlükəsiz hərəkəti üçün piyada səkilərinin olmaması problemi həll edilib. Belə ki, təmir işləri çərçivəsində yol boyu hər iki istiqamət üzrə zəruri olan yerlərdə 1,5 metr enində yeni piyada səkiləri yaradılıb. Səkilərin kənarlarına 3 min paqonmetrə yaxın səki daşları düzülüb.
Təmir-tikinti işləri zamanı küçənin köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənir. Bunun üçün köhnə asfalt örtüyü qaşınaraq, ərazidən daşınıb. Zəruri olan yerlərdə yol yatağı bərkidilib. Hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır və bu işlər də yekunlaşmaq üzrədir. Ümumilikdə sözügedən ərazinin ikiqat olmaqla 30 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənir.
“Azəryolservis” ASC tərəfindən aparılan təmir-tikinti işləri çərçivəsində Mikayıl Əliyev küçəsinin müəyyən hissələrində genişləndirmə işləri də aparılır. Genişləndirmə küçənin Babək prospektinə çıxan hissəsində, təqribən 150 metrlik bir ərazisində görülür. Həmin istiqamətdə yolun təqribən 3-4 metr genişlənməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinə müsbət təsir göstərəcək.
Küçədə aparılan kompleks tədbirlər çərçivəsində ASC tərəfindən yol boyu işıqlandırma sistemi də qurulur. Bundan başqa, nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılır, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılır.
Təmir-tikinti işləri tərtib olunmuş cədvələ uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.