İQTİSADİYYAT
Bakının Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsi abadlaşdırılıb VİDEO
Bakı, 28 mart, AZƏRTAC
Paytaxtın Xətai rayonu ərazisindəki Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində “Azəravtoyol” ASC tərəfindən abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirilib.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yol kənarındakı 750 kvadratmetr baxımsız ərazi kənar əşyalardan təmizlənib. Bundan əlavə, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri olan yerlərdə piyada səkiləri tikilib və asfaltlanıb, bəzi yerlərdə isə səkilərə 200 kvadratmetr bəzək daşı düzülüb.
Yaşıllıq zonalarının yaradılması məqsədilə piyada səkilərinin kənarlarında 60 metr uzunluğunda divar tikilib. Yaşıllıq zonalarına 44 ədəd həmişəyaşıl dekorativ ağac, həmçinin 620 kvadratmetr sahəyə qazon otu əkilib.
Görülmüş işlər çərçivəsində sözügedən ərazinin 1300 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Həmçinin avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.