CƏMİYYƏT
Bakının Qaradağ və Seulun Yonqsan rayonları arasında niyyət protokolu imzalanıb
Bakı, 13 iyun, AZƏRTAC
Koreya Respublikasının Seul şəhərinin Yonqsan rayonunun meri Sunq Janq Hyunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakının Qaradağ rayonunda işgüzar görüşlər keçirib.
Nümayəndə heyəti Lökbatan qəsəbəsində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad edib. Koreyalı qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks edən fotostendlə tanış olublar. Nümayəndə heyətinə Heydər Əliyevin həyatı, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətləri və siyasi fəaliyyəti haqda ətraflı məlumat verilib.
Həmin gün koreyalı qonaqlar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovla görüşüblər. Görüşdə son 25 il ərzində Koreya Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi və mədəni əlaqələrdən bəhs edilib. Ötən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəhəng sosial-iqtisadi layihələrin həyata keçirildiyi bildirilib, dövlət proqramlarının uğurlu icrası, qeyri-neft sektoru və sənayenin inkişafı, ölkənin mövcud iqtisadi potensialı, yerli və xarici iş adamlarının fəaliyyəti üçün yaradılmış əlverişli biznes mühiti və iş adamlarına tətbiq edilən xüsusi güzəştlər, həmçinin Qaradağ rayonunun sənayesi, sosial-iqtisadi inkişaf göstəriciləri və ölkə iqtisadiyyatında tutduğu strateji mövqe haqqında məlumat verilib.
Sunq Janq Hyun ölkələrimiz arasında mövcud əlaqələrdən bəhs edərək gələcəkdə bu əlaqələrin genişləndirilməsinin və iş adamlarının qarşılıqlı fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.
Görüşdə ölkələr arasında mövcud olan iqtisadi və mədəni əlaqələr çərçivəsində qarşılıqlı iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, investisiyaların təşviqi və rayonlararası ənənəvi dostluq əlaqələrinin və diplomatik münasibətlərin inkişaf etdirilməsi məqsədilə niyyət protokolu imzalanıb. Ölkəmizin iqtisadiyyatını və Qaradağ rayonunun zəngin sənaye potensialını və sosial-iqtisadi inkişafını əks etdirən təqdimat nümayiş etdirilib.
Keçirilən görüşlərdə tərəflər arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb, koreyalı iş adamları ölkəmizin və Qaradağ rayonunun iqtisadiyyatına investisiyalar yatırmağa dəvət edilib və bu əlaqələrin qarşılıqlı davam etdirilməsi qərara alınıb.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzində, Xalça Muzeyində olub, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti ilə və Qobustan Dövlət Tarix-Bədii Qoruğunda eksponatlarla tanış olublar.