İQTİSADİYYAT


Bakının avtobus dayanacaqlarında xüsusi məlumat lövhələri quraşdırılacaq

A+ A

Bakı, 22 sentyabr, Elvin Camalov, AZƏRTAC

Bakının avtobus dayanacaqlarında xüsusi məlumat lövhələri quraşdırılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. O bildirib ki, Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda xidmət səviyyəsinin artırılması, əhalinin şəhərdaxili avtobuslardan istifadəsinin daha da yaxşılaşdırılması, eləcə də əlavə vaxt itkisinin qarşısının alınması istiqamətində tədbirlərini davam etdirir. Bu çərçivədə tətbiq edilən yeniliyə əsasən, hər bir dayanacaqda xüsusi məlumat lövhələri quraşdırılacaq. Lövhələrdə dayanacağın yerləşdiyi küçə və prospektdən keçən marşrut xətləri, avtobuslararası interval, həmçinin hər bir marşrut xətti üzrə mövcud dayanacaqlar barədə məlumat yer alacaq.

N.Allahyarovanın sözlərinə görə, ilkin mərhələdə bu tip məlumat lövhələrinin paytaxtın əsas küçə və prospektlərində quraşdırılmasına başlanılıb. Qısa vaxtda isə Bakı şəhərinin inzibati ərazisində mövcud olan əksər dayanacaqlarda yeni məlumat lövhələrinin quraşdırılması təmin ediləcək.

Bakıda, xüsusən də nəqliyyat vasitələrinin və sərnişin axınının sıx olduğu yerlərdə hərəkətin təhlükəsizliyini və intensivliyini təmin etməyə imkan verən avtobus dayanacaq ciblərinin salınması ilə bağlı da iş aparılır. Bakı Nəqliyyat Agentliyinin xüsusi ekspert qrupunun apardığı təhlillərə əsasən, daha iki ərazidə - Qara Qarayev prospekti (8-ci kilometr bazarından metronun “Neftçilər” stansiyasına gedən yolda) və Rüstəm Rüstəmov küçəsində (“Dakar” meydanından Bakıxanov qəsəbəsinə gedən yolda) avtobus cibi salınıb.

“Sərnişin avtobuslarının dayanacaq ciblərinə maneəsiz daxil olması üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən quraşdırılan parkomatlar ərazidən köçürüləcək. Avtobusların ciblərdən kənar yerdə saxlamasının qarşısını almaq, onların qrafikinin tənzimlənməsi və buna uyğun hərəkətinə nəzarət etmək məqsədi ilə adı çəkilən küçə və prospektə Bakı Nəqliyyat Agentliyinin mobil qrupları cəlb edilib. Bununla yanaşı, əraziyə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə də nəzarət gücləndirilib. Həmin ciblərə eyni vaxtda bir neçə marşrut xətti üzrə avtobusların daxil olaraq sıxlıq yaratmasının qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən marşrut xətləri üçün qrafiklər işlənib hazırlanıb. Avtobuslarla yanaşı, ciblərə yaxın ərazilərdə taksi dayanacaqları da təşkil ediləcək”, - deyə N.Allahyarova vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.