REGİONLAR


Bakının internat məktəbi şagirdlərinin əl işləri Zaqatalada nümayiş etdirilib

A+ A

Zaqatala, 6 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin bir qrup şagirdi və məktəbin tərbiyəçi müəllimləri bir aydan artıqdır ki, yay tətili günlərini Zaqatala şəhərindəki internat məktəbində təşkil edilən “Yay düşərgəsi”ndə keçirirlər.

İyunun 22-dən davam edən düşərgə müddətində şagirdlər Zaqatala rayonunun tarixi məkanları, görməli yerləri, muzeyləri ilə tanış olmaqla yanaşı, boş vaxtlarında incəsənətin müxtəlif sahələri üzrə yaradıcılıq qabiliyyətlərini də inkişaf etdiriblər.

Avqustun 6-da Zaqatala şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 11 nömrəli İnteqrasiya təlimli internat məktəbi şagirdlərinin əl işlərindən ibarət “Gəlin biz öyrədək” adlı sərgi və master-klass təşkil edilib.

İnternat məktəbi şagirdlərinin zaqatalalı həmyaşıdlarının və müəllimlərin iştirak etdikləri tədbirin əvvəlində Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova və 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva çıxış edərək ölkəmizdə sağlamlıq imkanları məhdud, əqli və fiziki cəhətdən zəif, xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıblar. Qeyd edilib ki, belə uşaqların cəmiyyətə inteqrasiya olunmaları vacib məsələdir.

Sonra tədbir iştirakçıları internat məktəbi şagirdlərinin düşərgə müddətində hazırladıqları əl işlərindən ibarət sərgi ilə tanış olublar. Məktəbin şagirdlərindən Zəhra, Nurlan, Rəşid, Nadejda, Mariya, Rövşən, Aytəkin, Nikita, Teyyub və başqalarının hazırladıqları rəngkarlıq, təkəlduz, muncuqla işləmə, ağac üzərində oyma və digər əl işləri sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Sərginin master-klass bölməsində şagirdlər əl işlərinin hazırlanmasını əyani şəkildə zaqatalalı həmyaşıdlarına nümayiş etdiriblər.

Tədbir rayonun uşaq musiqi kollektivlərinin hazırladıqları bədii proqramla başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.