CƏMİYYƏT
Bakının yəhudi icması Roş a-Şana bayramına hazırlaşır
AZƏRTAC Yəhudi Xəbərlər Agentliyinə (YXA) istinadən xəbər verir ki, bayram hədiyyələrinin paylanması sabah sinaqoqda səhər ibadəti başa çatdıqdan sonra başlanacaqdır.
Bakı dağ yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev Yəhudi Xəbərlər Agentliyi üçün müsahibəsində deyib: “Bu və ya digər səbəbdən maddi imkanı məhdud olan hər bir yəhudi ailəsi ərzaq məhsullarından və mərasim şamlarından ibarət bayram hədiyyəsi aldıqdan sonra Yeni, 5775-ci yəhudi ilini layiqincə, yəhudi xalqının ənənələrinə uyğun qaydada qarşılaya biləcək”.
Milix Yevdayev YXA müxbiri ilə söhbətində vurğulayıb ki, Bakı dağ yəhudiləri dini icması müqəddəs Tövratın tövsiyələrinə əməl edərək Azərbaycan paytaxtında yaşayan hər bir yəhudiyə, hər bir yəhudi ailəsinə həmişə qayğı və diqqət göstərir.
O deyib: “Biz əlimizdən gələni edəcəyik ki, 5775-ci il Roş a-Şana bayramı icmanın hər bir üzvü üçün əziz və şən bayrama çevrilsin, yəhudi xalqı üçün müqəddəs olan bu bayram hamımızda Uca Tanrıya ibadət etmək, tövbə etmək hissləri oyatsın, islah olunmağımıza kömək etsin”.