CƏMİYYƏT
Bakıxanov qəsəbəsində yeddi evdən oğurluq edən dəstə tutulub VİDEO
Bakı, 20 iyun, AZƏRTAC
Sabunçu Rayon Polis İdarəsi (RPİ) 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda Bakıxanov qəsəbəsində 7 fərdi yaşayış evində qeyri-aşkar şəraitdə törədilən oğurluq cinayətinin üstü açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Amir Nəsirov, Cəlilabad rayon sakini Rəsayil Bəşirov, paytaxt sakinləri Qafur Quliyev və Elmar Nəzərov saxlanılıblar.
Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri oğurluq etdikləri mənzillərdən əsasən pul və qızıl-zinət əşyaları götürüblər. Sonuncu dəfə isə saxlanılan şəxslər Bakıxanov qəsəbəsindəki evlərdən birindən içərisində 1200 avro və 200 ABŞ dolları olan seyf və ümumi dəyəri 40 min manat olan qızıl-zinət əşyaları oğurlayıblar.
Dəstə üzvləri oğurluq yolu ilə əldə etdikləri zinət əşyalarını paytaxtda yerləşən müxtəlif qızıl qəbulu məntəqələrinə satandan sonra əldə etdikləri pulu aralarında bölüblər.
Faktlarla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Polis əməkdaşları həmin şəxslərin digər cinayətlərdə iştiraklarının olduğunu da istisna etmirlər. Onların əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu RPİ-nin 13-cü polis bölməsinə müraciət edə bilərlər.