CƏMİYYƏT
Bakıya yeni iritutumlu avtobuslar gətiriləcək
Bakı, 1 iyul, AZƏRTAC
Bu gün Azərbaycanda dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğı göstərilir.
AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 1-də Bakıda sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin yeni təmir mərkəzinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi qayğı göstərildiyini deyən şirkətin rəhbəri Faiq Seyidov təmir mərkəzində 50-yə yaxın yeni iş yerinin yaradıldığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edən “Xaliq Faiqoğlu” şirkəti paytaxta yeni iritutumlu avtobuslar gətirməyi nəzərdə tutub. Bundan başqa, iyulun sonunadək şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində “Bakıkart” sistemi tətbiq olunacaq. Şirkət tərəfindən xidmətin keyfiyyətinin artırılması məqsədilə qarşımızda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə şirkət Almaniyanın məşhur “Hed Akademi” şirkəti ilə əməkdaşlığa başlayıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Fərhad Eyyubov tədbirdə çıxış edərək bildirib ki, paytaxtda ictimai nəqliyyat vasitələrini idarə edən sürücülər arasında nizam-intizamın yaradılması və avtobuslarla bağlı yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi davam etdirilir. Avtobus sürücüləri üçün belə bir şəraitin təşkil edilməsi ictimai nəqliyyatda nizam-intizamı yüksəldir və yol-nəqliyyat hadisələrinin sayının azalmasına təsir göstərir.
F.Eyyubov MMC-yə məxsus avtobuslara baxış zamanı istehsalçı şirkət tərəfindən kameraların quraşdırılmasının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Avtobuslarda videokameraların quraşdırılması sərnişindaşımada cibgirliyin və digər qanun pozuntularının qarşısının alınması baxımından vacibdir. Qeydə alınan yol-nəqliyyat hadisələrinin səbəbini bu kameralar vasitəsilə aşkarlamaq mümkündür”.
Bildirilib ki, yeni inşa olunmuş, müasir diaqnostik və təmir cihazları ilə təchiz edilmiş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istismarında olan avtobuslara gündəlik baxış və servis göstəriləcək. Burada avtobusların təmizlənməsi, o cümlədən salonların dezinfeksiyası həyata keçiriləcək. Mərkəzdə çalışan təcrübəli mütəxəssislər xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında dəfələrlə iştirak ediblər. Bununla yanaşı, təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmazdan əvvəl həkim müayinəsindən keçmələri üçün xüsusi otaq, dispetçer, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur.