İQTİSADİYYAT
“BakuBuild-2015” sərgisində dünyanın 500-dən artıq şirkəti məhsullarını təqdim edəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 21-dən 24-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun inşaat sektoru üzrə ən böyük tədbiri – “BakuBuild-2015”, 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçiriləcək.
AZƏRTAC bakubuild.az saytına istinadla xəbər verir ki, bu il 500-dən artıq şirkətin daxil olduğu sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün zallarını, o cümlədən açıq meydançasını, eləcə də əsas foyesini əhatə edəcək. Sərginin sponsorları “Corella” markası (“NB Group”) və “Akkord Sement” şirkətidir.
“BakuBuild” sərgisinin ənənələrindən biri də tədbirdə milli stendlərin fəal iştirakıdır. Belə ki, bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edəcək. Həmin ölkələr sırasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də builki debütantlar - Çexiya və Hindistan yer alacaq.
Sərgidə təqdim olunan məhsulların çeşidi də artıb. Belə ki, bu il sərgi tikinti materialları, keramika məhsulları, üzlük daşlar, mərmər, lak-boya materialları, interyer üçün qapı və pəncərələr, dam və döşəmə örtükləri, mebellər, eləcə də yolların işıqlandırılması, yaşıllaşdırma, parkların abadlaşdırılması, metal və bürünc məmulatların tam çeşidini əhatə edəcək.
“BakuBuild” sərgisi Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.