İQTİSADİYYAT


“BakuBus” 59 sürücünü ciddi qayda pozuntuları əsasında işdən azad edib

A+ A

Bakı, 27 iyul, AZƏRTAC

“BakuBus” 59 sürücünü ciddi qayda pozuntuları əsasında işdən azad edib.

Bu barədə AZƏRTAC-a “BakuBus” sərnişin daşıma şirkətinin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev məlumat verib.

O bildirib ki, ötən ilin sentyabr ayından bu günə kimi Bakıda sərnişin müraciətləri, aşkar olunmuş nizam-intizam və digər qayda pozuntuları əsasında 163 nəfər avtobus sürücüsü müvafiq olaraq müxtəlif səbəblərdən intizam məsuliyyətinə (töhmət, şiddətli töhmət) cəlb olunub. 59 sürücü vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə və ciddi qayda pozuntuları əsasında işdən azad olunub.

Qeyd edilən dövr ərzində 65 sürücüyə xidməti fəaliyyətində aşkar olunmuş nöqsanlara görə xəbərdarlıq edilib, 184 sürücü isə avtobusa vurduqları maddi ziyana görə müxtəlif məbləğlərdə cərimə olunub.

M.Piriyev qeyd edib ki, daxil olan şikayətlərin araşdırılması zamanı bu müraciətlərdən kifayət qədər əsassız olanları da aşkar edilib. Bunlar əsasən şəxsi istəklər və ya ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı sərnişinlərin məlumatsızlıqları ilə əlaqədardır.

“Avtobus gecikmələri ilə bağlı müraciətlər isə əsasən səhər saatlarında, xüsusən saat 08:30-09:00 radələrində daxil olur. Bu müraciətlər də əksər hallarda tıxac və ya işçi heyəti çox olan, idarə, təşkilat və ya müəssisənin qarşısında baş verən gecikmələrlə bağlı olur. Bu cür müraciətlərin araşdırılması isə daha az zaman alır. Çünki hərəkətdə olan avtobuslarımız mütəxəssislər tərəfindən onlayn şəkildə böyük monitorda izlənilir, hətta hər hansı gecikmə olarsa bunu sərnişinlərdən də öncə bu sahəyə məsul əməkdaş görür və dərhal aradan qaldırılması üçün tədbirlər həyata keçirir", - deyə M.Piriyev vurğulayıb.

Şirkət rəsmisi əlavə edib ki, *4242 nömrəli “Qaynar xətt”ə daxil olan hər bir müraciətin araşdırılması zamanı aşkar olunmuş çatışmazlıqların həlli işin daha da səmərəli təşkil olunmasına imkan yaradır. Daxil olan müraciətlərdə marşrut xətləri ilə bağlı məlumatlar istəyən, sürücü kobudluğu ilə əlaqədar şikayət edən, itmiş əşyalarla, intervallarla bağlı müraciət edən sərnişinlər üstünlük təşkil edir. Hər bir şikayət qeydiyyata alınır və onun əsasında mütəxəssislər tərəfindən araşdırmalar aparılır. “BakuBus” avtobuslarında quraşdırılmış, 24 saat görüntüləri qeydə alan videokameralar araşdırma zamanı obyektiv nəticə çıxarılması üçün işi xeyli asanlaşdırır. Təbii ki, əgər sərnişinin şikayəti əsaslı olarsa və sürücünün qayda pozuntusu əyani şəkildə sübuta yetirilərsə, həmin sürücü haqqında qanunvericiliyə uyğun olaraq tədbir görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.