İQTİSADİYYAT


“BakuBus” “Gələcəyin sərnişinləri” adlı yeni layihəyə start verib

A+ A

Bakı, 5 noyabr, Elvin Camalov, AZƏRTAC

“BakuBus” “Gələcəyin sərnişinləri” adlı yeni layihəyə start verib.

AZƏRTAC xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mənsur Piriyev deyib.

O bildirib ki, noyabrın 5-də “BakuBus” Xətai rayonunda yerləşən 138 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə “Gələcəyin sərnişinləri” adlı yeni maarifləndirici layihəyə start verib. Layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə ictimai nəqliyyatdan, “BakuBus” avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətməklə yanaşı, eyni zamanda onlara nümunəvi, ictimai fəal sərnişin keyfiyyətlərini aşılamaqdır.

M.Piriyevin sözlərinə görə, əvvəlcə şagirdlərə Sürücü Təlim Mərkəzində təlimatçı-müəllimlər tərəfindən ictimai nəqliyyat vasitələri haqqında ətraflı məlumatlar verilib, onlara əyani vasitələrlə ictimai nəqliyyatda təhlükəsizlik qaydaları izah olunub. Daha sonra şagird və müəllimlər “BakuBus” avtobusları ilə Dövlət Bayrağı Meydanı istiqamətində yola düşüblər. Avtobusda şagirdlərə ictimai nəqliyyatdan, istifadə qaydaları ilə yanaşı, digər yol hərəkəti qaydaları, yol nişanları, piyada keçidləri və sair haqqında geniş məlumatlar verilib.

“Yol boyu avtobusun keçdiyi yerlərdə şəhərimizin tarixi memarlıq abidələri ilə bağlı şagirdlər məlumatlandırılıb və onlara milli-mənəvi dəyərlərimiz, ictimai nəqliyyatda etik davranış qaydaları haqqında bilgilər çatdırılıb. Dövlət Bayrağı Meydanı ilə yaxından tanış olan şagirdlər Azərbaycan bayrağına həsr olunmuş şerlər səsləndirib və xatirə şəkilləri çəkdiriblər. Sonda tədbirdə iştirak etmiş məktəblilərə hədiyyələr təqdim olunub və onlara təəssüratları ilə bağlı inşa işi yazıb “BakuBus”un elektron ünvanına göndərmələri tövsiyə olunub”, - deyə M.Piriyev vurğulayıb.

M.Piriyev qeyd edib ki, bu yazılardan üç ən yaxşısının müəllifinə xüsusi mükafatlar təqdim olunacaq. Gələcəkdə Bakı şəhərinin digər məktəblərini də əhatə edəcək “BakuBus”un “Gələcəyin sərnişinləri” adlı layihəsi mütəmadi xarakter daşıyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.