İDMAN
“Baku Fires” boksçularının yarımfinal uğrunda mübarizəsi başlayıb
Quba, 6 may, Elxan Yusifli, AZƏRTAC
Quba Olimpiya İdman Kompleksində “Baku Fires” komandası ilə “Mexico Guerreros” klubu arasında Dünya Boks Seriyası (WSB) liqasının ilk dörddəbir final qarşılaşması başlayıb.
AZƏRTAC xəbər verir ki, ilk döyüşdə “Baku Fires”in üzvü Rəsul Saliyev (49 kq) Jozelito Velaskes Altimirano (“Mexico Guerreros”) ilə rinqə çıxıb.
Növbəti dörd döyüşdə Yaraş Maqomedov (56 kq) Alfredo Çirno Sançes, Zaur Abdullayev (64 kq) Raul Kuriel Qarsiya, Jaba Xositaşvili (75 kq) Rodrigez Olivas, Leonid Çernobayev (91 kq) isə Kastillyo Torres ilə qarşılaşacaq.
Bu görüşdə komandamızın heyətində üç boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edir.
Komandalar arasında ikinci dörddəbir final qarşılaşması mayın 7-də Quba Olimpiya İdman Kompleksində keçiriləcək.
İki görüşün nəticəsinə görə, qalib komanda yarımfinalda liqanın son çempionu “Cuba Domaderos”la üz-üzə gələcək və hər iki qarşılaşma rəqib meydanında təşkil olunacaq.