İDMAN
“Baku Fires” və “Mexico Guerreros” boks komandalarının heyəti açıqlanıb
Bakı, 5 may, AZƏRTAC
Mayın 6-7-də Quba Olimpiya İdman Kompleksində Dünya Boks Seriyası (WSB) liqasının dörddəbir final mərhələsinin görüşləri keçiriləcək. Azərbaycanı bu yarışda təmsil edən “Baku Fires” “A” qrupunda üçüncü yeri tutan “Mexico Guerreros” klubu ilə qarşılaşacaq.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə çəkisi 49, 56, 64, 75, 91 kiloqram olan boksçular rinqə çıxacaqlar. Artıq komandaların heyəti müəyyənləşib. Belə ki, Rəsul Saliyev (49 kq, “Baku Fires”) Jozelito Velaskes Altimirano (“Mexico Guerreros”), Yaraş Maqomedov (56 kq) Alfredo Çirno Sançes, Zaur Abdullayev (64 kq) Raul Kuriel Qarsiya, Jaba Xositaşvili (75 kq) Rodrigez Olivas, Leonid Çernobayev (91 kq) Kastillyo Torres ilə qarşılaşacaqlar.
Məşqçilər korpusu Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizənin başa çatdığını nəzərə alaraq ehtiyat qüvvəyə şans verib. Bu görüşdə komandamızın heyətində üç boksçu – Yaraş Maqomedov, Zaur Abdullayev və Leonid Çernobayev debüt edəcək. Meksika klubu isə “Baku Fires”lə görüşə güclü heyətlə çıxacaq.
Bu görüşün qalibi olan komanda yarımfinalda liqanın son qalibi “Cuba Domaderos”la görüşəcək və hər iki qarşılaşma rəqib meydanında keçiriləcək.