MƏDƏNİYYƏT
“Baku Guide” bələdçi kataloqunun may buraxılışı çapdan çıxıb
Bakı, 5 may, AZƏRTAC
“Uzun illərdən sonra Azərbaycana səfərimdən çox məmnunam. “Özgələr arasında doğma, doğmalar arasında özgə” filminin final səhnələrindən birini Bakıda lentə almışam. O vaxtdan 30 ildən çox keçib. Bakıda misilsiz inkişafın şahidi oldum”.
Bu fikirlər Rusiya Kinematoqrafçılar İttifaqının sədri, məşhur kinorejissor Nikita Mixalkovun “Baku Guide” bələdçi kataloqunun may buraxılışında dərc olunmuş müsahibəsindən götürülüb. Dünya şöhrətli sənətkar kino sənəti və gələcək planları ilə bağlı fikirlərini, Bakı haqqında təəssüratlarını bölüşür.
Kataloqun yeni sayında “Bakı-2015” Birinci Avropa Oyunlarına son hazırlıq barədə xəbərlər, ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə ölkəmizdə keçirilən ənənəvi Gül bayramı, 9 may - Qələbə Günü, Bakının ev sahibliyi edəcəyi III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 28 may - Respublika Günü kimi mühüm tarixi günlər və hadisələr barədə məlumatlar yer ayrılıb.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən bələdçi kataloqunun hər buraxılışı şəhər sakinləri və turistlər üçün maraq doğuracaq müxtəlif informasiyalar, təqdimat xarakterli materiallarla zəngin olur.
Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşrin bu sayında paytaxtımızın mədəni və işgüzar həyatı, teatr və konsert müəssisələrinin may repertuarı, muzey və sərgi salonlarının afişası oxuculara təqdim olunur. Kataloqun “Events” bölməsində gənclərin maraq dairəsində olan əyləncəli tədbirlərə, kinoafişa bölməsində paytaxtın kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər haqqında qısa məlumatlar dərc edilib. “Azərbaycan mətbəxi” rubrikasında oxucular dovğanın hazırlanma qaydası ilə tanış olacaqlar.
Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm şirkətləri, aviakassalar, avtomobil kirayəsi barədə məlumatlar yer alıb.