İQTİSADİYYAT


“Baku Guide” bələdçi kataloqunun mobil tətbiqi istifadəyə verilib

Bakı, 7 iyun, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq 2014-cü ildən işıq üzü görən "Baku Guide" bələdçi kataloqunun artıq mobil tətbiqi də istifadəçilərin ixtiyarına verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və ingilis dillərində hazırlanan mobil tətbiq vasitəsilə “Baku Guide” bələdçisinin çap versiyasının müvafiq sayları ilə rahat şəkildə tanış olmaq, məqalə və informativ materialları oxumaq, şəhərin mədəni həyatı, istirahət və əyləncə məkanları, alış-veriş mərkəzləri və s. haqqında, eləcə də muzey və sərgi salonlarının, kinoteatr, teatr və konsert müəssisələrinin afişa və aylıq repertuarı barədə məlumat almaq mümkündür.

Qeyd edək ki, “Baku Guide” bələdçi kataloqunun axırıncı iyun-iyul buraxılışı yay mövsümünün qarşıdakı ən maraqlı hadisələri, iyulun 27-dən 31-dək davam edəcək 2-ci “JARA” musiqi festivalı və digər mədəni tədbirlər, turistik məkanların istirahət və əyləncə proqramları haqqında informasiyalarla zəngindir. Bələdçi kataloqunun tematik bölmələri, müxtəlif rubrikaları şəhərdə harada və necə istirahət etmək, tarixi məkanlara ziyarət, milli mətbəxin ləziz yeməklərindən dadmaq, Xəzər sahilində, qızılı qumlu çimərliklərdə yayın dadını çıxarmaq istəyən kiçikdən böyüyə, cavandan yaşlıya hər kəs üçün zövq və marağa uyğun informasiya təqdim edir.

Bu baxımdan mobil tətbiqin asan axtarış sistemi bütün məlumatları izləyicilərə bir düymə qədər yaxın edəcək. Bundan əlavə, “Hara getməli” bölməsində oxucular asanlıqla lazım olan ünvanı tapa biləcək. Bu bölmədə hotel, restoran, kafe, alış-veriş mərkəzləri, muzeylər, qalereyalar, tarixi məkanlar və s. haqqında məlumat almaq, ünvan və əlaqə telefonlarını dəqiqləşdirmək çox asan və əlçatandır.

Ən müasir texnoloji yeniliklərin tətbiq olunduğu “Baku Guide” mobil tətbiqini İOS və Android əməliyyat sistemli bütün smartfonlar tam dəstəkləyir və App store-dən yükləmək olur. Mobil tətbiqin bir digər üstünlüyü isə online rejimdə yüklənən materialların şəbəkə xaricində olduqda da əlçatan olmasıdır.

Beləliklə, “Baku Guide” həm çap versiyası, həm də mobil tətbiqi ilə turistlər, şəhərimizin qonaqları, eləcə də şəhər sakinləri üçün ən yaxın bələdçi rolunu oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.