MƏDƏNİYYƏT
“Baku Guide” bələdçi kataloqunun oktyabr nömrəsi çapdan çıxıb
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bakı haqqında hər şey” (“All about Baku”) konseptində Azərbaycan, ingilis və rus dillərində hazırlanan nəşr hər yeni nömrəsində oxuculara zəngin və dolğun materiallar təqdim edir.
Paytaxtımıza təşrif buyuran turistlər və fəal mədəni istirahətə üstünlük verən şəhər sakinləri kataloqun budəfəki nömrəsində teatr və konsert müəssisələrinin oktyabr ayı üçün repertuarı, ənənəvi Bakı Caz Festivalının konsert proqramları, habelə Bakının küçə və meydanları, şəhər və şəhər ətrafındakı görməli yerlər, tarixi məkanlar, mədəniyyət ocaqları haqqında məlumatlar əldə edə, Qobustan, Atəşgah məbədi, Qala etnoqrafik qoruğu haqqında yazılarla tanış ola bilərlər.
Göyçayda keçiriləcək növbəti Nar bayramı, Siemens qardaşlarının fəaliyyətinin 150 illiyi ilə bağlı materiallar da maraq doğuracaq.
Bundan əlavə, nəşrdə Azərbaycanda şəbəkə sənəti, milli geyim, milli mətbəx, kənd turizmi haqqında qısa, illüstrativ tanıtım məqalələri verilib.
Turistlər üçün maraq kəsb edəcək əlamətdar hadisələr də diqqətdən yayınmayıb. 18 oktyabr –Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü münasibətilə dövlət himnimizin mətni ingilis dilində təqdim olunur.
“Bakı haqqında təəssürat” bölməsində isə məşhur fransız aktyoru Jerard Depardyenin paytaxtımızla bağlı maraqlı fikirləri ilə tanış olmaq mümkündür.
Turistlər üçün informasiya bölməsində onları maraqlandıra biləcək suallar cavablandırılıb. “Bakını “City sightseeng”lə kəşf edin”, “Bakıdan xatirə”, turizm agentləri, aviakassalar, hava yolları kimi bölmələr də paytaxtımızın qonaqları üçün mühüm informasiya mənbəyidir. Həmçinin turistləri və şəhərimizin qonaqlarını maraqlandıran otel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda öz əksini tapıb.