İQTİSADİYYAT


“Baku Guide” bələdçi kataloqunun yeni nömrəsində...

Bakı, 23 fevral, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq artıq üç ildir nəşr olunan “Baku Guide” bələdçi kataloqu nəfis tərtibatı, rəngarəng yazılar, yaddaqalan səyahət və mənalı istirahət həvəskarı olan hər kəsin diqqətini çəkəcək informasiyalarla yenidən oxucuların görüşünə gəlib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəşrin fevral-mart buraxılışı Bakının mədəni həyatı, ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər, paytaxtımızın və regionlarımızın turistik yenilikləri ilə bağlı rəngarəng materiallarla zəngindir.

Bələdçi kataloqunun bu nömrəsində qarşıdan gələn milli bayramımıza – öz koloriti, qədim irsi, təmtəraq və təntənəsi ilə ölkəmizə gələn əcnəbi qonaqları da valeh edən Novruza xüsusi yer ayrılıb. Yazıda kökü minilliklərin dərinliklərinə gedib çıxan bayramın özəllikləri, əcdadlarımızın dünyanın yaranışı və dörd təbiət ünsürü (su, od, hava, torpaq) ilə bağlı qədim mifik təsəvvürlərini əks etdirən ilaxır çərşənbələr, bayram süfrəsi, Novruz şirniyyatları və s. barədə üç dildə (Azərbaycan, rus, ingilis) dolğun məlumat diqqətə çatdırılır.

Bu il Bakının ev sahibliyi edəcəyi iki möhtəşəm idman hadisəsi – mayda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları və iyunda təşkil olunacaq Formula-1 Bakı Qran-prisi haqqında yazılarda bu tədbirlərin xalqlar arasında əlaqələrə, ünsiyyətə, eləcə də mədəni irsimizin təbliğinə və bu vəsilə ilə turizm əlaqələrinin inkişafına töhfəsindən bəhs olunur.

“Azərbaycanda turizm sənayesinin strateji yol xəritəsi” başlıqlı məqalədə son aylar bu sahədə dövlət başçısı tərəfindən qəbul olunan mühüm qərarlar, müxtəlif turizm növlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, qarşıdakı illərdə görüləcək işlər və turistləri gözləyən əlamətdar yeniliklərdən söz açılır.

2017-ci ildə ölkəmizə gəlmək istəyən turistlər üçün ən mühüm yenilik isə elektron viza sisteminin daha da təkmilləşdirilməsi və “ASAN Viza” portalının istifadəyə verilməsidir. “ASAN Viza – tez və rahat” yazısı bu sistemin üstünlüklərindən bəhs edir. Keçən ildən tətbiqinə başlanılan “Tax free” sistemi və onun şərtləri barədə material da əcnəbi qonaqların diqqətini çəkəcək.

10 mart Azərbaycanda Milli Teatr Günüdür. “Baku Guide” bələdçi kataloqunun hər nömrəsində oxuculara paytaxt teatrlarının repertuarı, ayrı-ayrı tamaşalar haqqında yığcam məlumatlar təqdim edilir. Nəşrin bu nömrəsində dərc olunan Bakı Marionet Teatrı haqqında yazı da sənətsevərlər üçün xüsusilə maraqlı olacaq. Marionet Teatrı dünyada populyar olan teatr incəsənəti janrlarındandır və ölkəmizdə bu teatr növünün 30 ilə yaxın yaşı var. 2016-cı ilin dekabrından teatr İçərişəhərdə, öz binasında fəaliyyət göstərir və tamaşaçılara maraqlı layihələr vəd edir.

Bələdçi kataloqunun yeni nömrəsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin, sərgi salonlarının afişası da oxucuların ixtiyarına verilib.

Paytaxtımızı yaxından görüb tanımaq istəyənlər Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən “Baku City Tour”, şəhər turunun marşrutu və dayanacaqları, göstərilən xidmətlər barədə məlumatla tanış ola bilərlər.

“Azərbaycan mətbəxi” rubrikasında isə bu dəfə əcnəbi oxuculara milli mətbəximizin ləzzətli təamlarından olan küftə-bozbaşın hazırlanma qaydasından bəhs olunur.

“Turistlər üçün informasiya” bölməsində onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Həmçinin turizm agentləri, aviakassalar, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.