ELM VƏ TƏHSİL
“Baku Science Week (BSW 2015)” adlı fənlərarası elmi forum keçiriləcək
Foruma hazırlıq işləri ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri, dosent Famin Salmanov və şuranın üzvü, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov Moskvada Rusiya Elmlər Akademiyasının (REA) Gənc Alimlər Şurası tərəfindən keçirilən fənlərarası elmi forumda iştirak ediblər.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən F.Salmanov müasir elmi tədqiqatların aparılmasında fənlərarası yanaşmanın əhəmiyyətindən danışıb. Alim qeyd edib ki, son zamanlar Azərbaycanda da multidisiplinar tədqiqatlara üstünlük verilir. Bu ilin oktyabr ayında Bakıda keçiriləcək beynəlxalq elmi konfrans “Fundamental və tətbiqi elmlərin aktual problemlərinin həllində multidisiplinar tədqiqatların rolu” mövzusunu əhatə edəcək.
Qeyd edək ki, “Baku Science Week” forumunun məqsədi gənc və yaşlı alimlər arasında konstruktiv dialoqun təşkili, elm, hökumət və biznes nümayəndələrinin bir araya gətirilməsi problemində informasiya və kommunikasiya platformasının təmin olunmasıdır. Forumda, həmçinin Azərbaycanın ayrı-ayrı təşkilatları arasında elm, informasiya və istehsalat sahəsində əməkdaşlığın genişləndirilməsinin və inkişafının perspektivləri müəyyənləşdiriləcək.
Forum çərçivəsində GAMŞ-ın beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə Rusiya Elmlər Akademiyasının Gənc Alimlər Şurası ilə gələcək müştərək elmi-ictimai fəaliyyətlə bağlı müzakirələr aparılıb və bu ilin oktyabrında ölkəmizdə ikitərəfli əməkdaşlığa dair müqavilənin bağlanması məsələsində ümumi razılıq əldə olunub.