İQTİSADİYYAT


“Baku Travel Bazaar” gümrahlaşdırıcı istirahətin elitasını paytaxta toplayıb

Bakı, 21 aprel, Emil Eyyubov, AZƏRTAC 

Bakıdakı “JW Marriott Absheron” otelində gümrahlaşdırıcı və SPA turizm bazarına həsr olunmuş “Baku Travel Bazaar Wellness & Leisure” ənənəvi beynəlxalq sərgisi keçirilib. Tədbirin ənənəvi təşkilatçıları “Chance Travel Consulting” (Ukrayna) və “R&S Group” (Azərbaycan) şirkətləridir. Sərgidə dünyanın hər yerindən beşulduzlu otellər, könüllü tibbi sığorta şirkətləri, termal kurortlar, klinikalar və SPA-otellər təmsil olunub. Bundan əlavə, seminarda Azərbaycanın və Gürcüstanın 150-dən çox aparıcı turizm şirkətinin təmsilçiləri iştirak ediblər.

“Chance Travel Consulting” şirkətinin həmtəsisçisi İrina Vedeneyevanın sözlərinə görə, tədbirin əsas məqsədi Azərbaycan turizm bazarının təmsilçilərinin dünyanın müxtəlif ölkələrindən potensial tərəfdaşlarla tanış olmalarına və onlarla sıx ünsiyyət saxlamalarına, habelə müalicəvi və SPA turizm sahəsində yenilikləri və son meyilləri ətraflı öyrənmələrinə şərait yaratmaqdır. O deyib: ”Baku Travel Bazaar” sərgisinə gələnlər doğma şəhərin hüdudlarını tərk etmədən müxtəlif ölkələrdən çoxlu sayda iştirakçı ilə tanış olmaq imkanı əldə edirlər. “B2B” görüşlərinin formatı turizmin hər bir konkret istiqamətini ətraflı öyrənməyə, yeniliklərlə tanış olmağa, sahənin son meyilləri barədə məlumat əldə etməyə, müsbət təcrübə toplamağa imkan verir. Dünyanın 35-dən çox təşkilatının nümayəndələri öz fəaliyyətlərindəki yeniliklər, əhəmiyyətli layihələr, yeni obyektlər və mövsümü aksiyalar barədə yerli həmkarlarına məlumat vermək üçün Bakıya gəliblər və onlar Azərbaycan bazarı ilə əməkdaşlıq etməkdə və onu genişləndirməkdə son dərəcə maraqlıdırlar”.

AZƏRTAC xəbər verir ki, indiki tədbirin iştirakçılarının coğrafiyası çox genişdir, İsveçrə, Fransa, Almaniya, İtaliya, Türkiyə, Litva, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdən təşkilatları əhatə edir. Onların arasında həm debütantlar, həm də daimi iştirakçılar var.

Sərgidə ilk dəfə iştirak edən Ukraynanın “Edem Resort Medical & SPA” mehmanxana kompleksi özünün sağlamlaşma və istirahət konsepsiyasını təqdim edib. Kompleksin baş direktoru Aleksey Voloşin deyib: “Otel Lvovun 30 kilometrliyində mənzərəli gölün sahilindəki meşəlik zonada yerləşir. Kompleksə lüks otel, SPA, orqanizmin detoksikasiyası və təmizlənməsi, çəkinin azalması və sabitləşməsi, kosmetologiya və yaş əleyhinə metodikalar üzrə proqram həyata keçirən sağlamlığı bərpa mərkəzi daxildir. Qərbi Ukrayna mineral suları ilə məşhurdur. Kompleksimizin ərazisində altı müxtəlif bulaqdan çəkilmiş büvet yerləşir. Qonaqları əyləndirmək üçün atlar, kvadrosikllər və ekskursiya proqramları da var. Bu il Azərbaycandan ilk qonaqlarımızı qarşılamışıq və onlar bizim xidmətlərimizdən razı qalıblar. Biz, xüsusən bu tədbirdən sonra sizin ölkənizdən turist axınının artacağına ümid bəsləyirik”.

Tədbirin daha bir debütantı Dubay otellərini təmsil edən “Starwood Hotels and Resorts” qrupudur. Şirkətin satış üzrə direktoru Debora Qrey deyib: “Bizim müxtəlif istiqamətli bir neçə otel zəncirimiz var. “St.Regis Dubai” oteli lüks kateqoriyasına üstünlük verənlər, “W Dubai” fəal istirahət həvəskarları, “The Westin Dubai” ailəvi istirahəti seçənlər üçün münasibdir. Kübarların oyunu sayılan polo həvəskarları üçün “Al Habtoor Polo Resort & Club” otelinin adını çəkmək də yerinə düşər. “Baku Travel Bazaar” turizm sərgisində iştirakımız turizm biznesi təmsilçilərini otellərimizdə istirahət imkanları ilə tanış etmək və nəticədə Azərbaycandan daha çox turist cəlb etmək məqsədi daşıyır”.

Ən sanballı nümayəndə heyətlərindən biri İsveçrədən istirahət və müalicənin təşkili sahəsində geniş təkliflər spektri ilə gəlib. Onların arasında “Double Check AG”, “Leukerbad Clinic”, “Clinique La Prairie”, “Clinic Lemanic” klinikaları var. “Clinic Lemanic” klinikasının biznesin inkişafı üzrə meneceri Marina Oşşepkova deyib: “Biz “Baku Travel Bazaar” turizm sərgisində artıq altıncı dəfədir iştirak edirik və Azərbaycan xalqının İsveçrədə istirahətə marağının ildən-ilə artdığını hiss edirik. 1998-ci ildə Lozannada açılmış klinikamız estetik, preventiv, regenerativ və “yaş” təbabəti sahəsində ən böyük lazer mərkəzi kimi Avropada çox tanınır. Müəssisəmiz klinik, cərrahi və estetik dermatologiya, estetik təbabət, plastik və bərpa cərrahiyyəsi, preventiv, funksional və regenerativ təbabət və s. xidmətlər təklif edir. Artıq Azərbaycandan bir neçə müştərimiz var. Onlar İsveçrə tibbini şöhrətləndirən keyfiyyətli və etibarlı xidməti yüksək qiymətləndirirlər. Biz azərbaycanlı həmkarlarımıza özümüzü xatırlatmaq və ölkənizdən qonaqların axınını artırmaq üçün buradayıq”.

Qardaş Türkiyəni təmsil edən “Rixos” otellər qrupu sərgiyə maraqlı yeniliklərlə qatılıb. Məsələn stenddə yenilənmiş “Rixos Premium Belek” oteli haqqında informasiya təqdim edilib. Otelin marketinq üzrə meneceri Tatyana Qrişina deyib: “400 nömrəlik otelimiz yeni mövsümdə müsafirlərimizi əvvəlki kimi gözəl, amma daha mükəmməl infrastrukturu ilə yeni görkəmdə qarşılayacaq. Otel bir kilometr boyunca uzanan çox gözəl qumlu çimərliyə, Türkiyədə ən böyük “Land of Legends” tematik parkına, gözdən uzaq istirahət zonalarına, gündə 16 saat işləyən restoranlara malikdir. Bundan əlavə, keçən ildən başlayaraq, otel ev heyvanları - it və pişikləri ilə birlikdə gələn müsafirləri qəbul edir. Azərbaycanlı turistləri qumlu çimərlikləri, şam və evkalipt meşələri ilə şöhrət qazanmış elit istirahət məkanına - Antalya aeroportunun cəmi 25 kilometrliyində yerləşən Beleyə dəvət edirik”.

Bu və ya digər tədbirin müvəffəqiyyəti barədə onun iştirakçılarının və qonaqlarının müsbət rəylərinin sayı əsasında mühakimə yürütmək olar. Azərbaycan şirkətləri bu beynəlxalq sərgiyə getdikcə daha böyük maraq göstərirlər. Seminar iştirakçılarından biri, Bakıdakı “Averta Travel” şirkətinin direktoru Yelena Lyubomirovanın sözlərinə görə, “Baku Travel Bazaar” müxtəlif ölkələrdən tərəfdaşları, turizm operatorlarını, otelçiləri birləşdirən faydalı tədbirdir. Onlar öz xidmətləri barədə Azərbaycandakı həmkarlarına məlumat verməklə bərabər, şəhərimizlə tanış olur, qonaqpərvər Bakıdan gözəl təəssüratlarla ayrılırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.