İDMAN
“Baku World Challenge” yarışında iştirak edəcək avtomobillər nümayiş olunub
Xəbər verdiyimiz kimi, noyabrın 1-2-də Bakıda FİA GT seriyasından “Baku World Challenge” avtomobil yarışları üzrə dünya çempionatının final mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da Dövlət Bayraq Meydanının ərazisində yarışda iştirak edəcək maşınların nümayişi olub.
Yarışda 30 avtomobillə 15 beynəlxalq komanda, “Formula-1” yarışı üzrə 10, drift üzrə isə 5 maşın iştirak edəcək.
Pilotlar yarışda BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3 və Corvette Z06 G avtomobillərini idarə edəcəklər.
Yarış Xəzər dənizi boyunca uzanan və Dövlət Bayraq Meydanının ətrafında dövrə yaradan, yeni təmir olunan 4 kilometrlik yarış dairəsi üzrə keçiriləcək.
Qalib komanda 100 min avro qazanacaq. İkinci yerin sahibi 50 min, üçüncü pillədə qərarlaşan komandaya isə 25 min avro pul mükafatı təqdim ediləcək.
“Baku World Challenge” dünyanın 175-dək ölkəsinin televiziya kanalında nümayiş olunacaqdır.