İQTİSADİYYAT
“Bakubuild-2016” sərgisində dünyanın 23 ölkəsindən 400-dən artıq şirkət iştirak edəcək
Bakı, 29 avqust, AZƏRTAC
Oktyabrın 19-dan 22-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun tikinti sektoruna həsr olunmuş “XXII Azərbaycan Beynəlxalq İnşaat BakuBuild-2016” sərgisi keçiriləcək və Xəzər İnşaat Həftəsinə start veriləcək.
Bu barədə AZƏRTAC-a “İteca Caspian” şirkətindən bildirilib.
Məlumata əsasən, bu il “Bakubuild-2016” sərgisində dünyanın 23 ölkəsindən 400-dən artıq şirkət iştirak edəcək və sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin hər 3 pavilyonunu əhatə edəcək. İtaliya, Almaniya, BƏƏ və İran sərgidə öz milli pavilyonları ilə təmsil olunacaq. Həmçinin Türkiyə də bu tədbirdə nəhəng ekspozisiya ilə iştirak edəcək. BakuBuild-2016 sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı və pəncərələr, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidləri təqdim olunacaq.
Builki sərgi həm yerli, həm də xarici şirkətlərin təklif etdikləri yeniliklərlə fərqlənir, belə ki, bu yeniliklər arasında Azərbaycanda ilk dəfə “Vibrostone” şirkəti tərəfindən təqdim olunacaq Color Mix (bir neçə boyanın qarışığı), maye rezin (Azbuild MMC şirkəti), elektrikli buxarı (Liniya ASC), elastik kirəmitlərin yeni seriyası (Technonicol şirkəti), abraziv materiallar (Klingspor) və bir sıra digər məhsullar yer alır.
BakuBuild-2016 sərgisinin sponsoru qismində Corella markası (“NB Group” şirkəti) və “Akkord Cement” şirkəti, informasiya tərəfdaşı qismində isə “Dom i İnteryer” (Ev və İnteryer) çıxış edir.