İQTİSADİYYAT
“Bakutel 2015” sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur VİDEO
Bakı, 2 dekabr, Ramiz Quliyev, AZƏRTAC
Baku Ekspo Mərkəzində keçirilən “Bakutel 2015” 21-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur.
Sərgidə dünyanın 21 ölkəsini təmsil edən 200-dən artıq şirkət öz məhsullarını nümayiş etdirir. Onların sırasında aparıcı İKT şirkətləri, həmçinin Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb.
Sərginin daimi iştirakçılarından olan AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları, o cümlədən “Gəzdim Azərbaycanı” layihəsi çərçivəsində ölkəmizin görməli və tarixi məkanlarından bəhs edən video filmlər nümayiş olunur.
Ekspozisiya ilə tanış olan ziyarətçilərə İKT-nin geniş imkanlarından bəhrələnən və 7 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən “Bakutel” sərgisinin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması sahəsində texniki imkanları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.