İQTİSADİYYAT


“Bakutel-2016” sərgisində yeni layihələr və maraqlı həllər nümayiş olunacaq

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Noyabrın 29-dan dekabrın 2-dək Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) dəstəyi, “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətlərinin təşkilatçılığı ilə “Bakutel-2016” beynəlxalq informasiya-texnologiyaları sərgi-konfransı keçiriləcək.

“Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, regionun ən böyük sahəvi tədbirlərindən biri olan “Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını bir araya toplayır. İnformasiya texnologiyaları üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi “Bakutel” sərgisi möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib. Uzun illərdir ki, “Bakutel” sərgisi RYTN-in dəstəyi ilə təşkil olunur. Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən verilmiş keyfiyyət nişanı “Bakutel” sərgisinin beynəlxalq nüfuzunu bir daha təsdiq edir.

Builki sərgidə Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, Avstriya, İran, Belarus, Xorvatiya, İsrail, Ukrayna və digər ölkələr mili pavilyonla təmsil olunacaq. İştirakçıların 40 faizi “Bakutel” sərgisinin daimi eksponentləridir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alır. Ənənəvi olaraq, sərgidə RYTN-in dəstəyi ilə iştirak edən bir sıra ölkələrin milli stendləri təqdim olunur. Həmçinin nazirliyin pavilyonunda rabitə, poçt, “elektron hökumət” sahələrində həyata keçirilmiş yeni layihələr, maraqlı həllər nümayiş olunacaq.

Sərgi çərçivəsində “Gözdən əlil uşaqlar üçün səsli kitabxana”, “Muzeylərin rəqəmləşdirilməsi”, “Google art project” layihələrinin təqdimatı, startapların geniş iştirakı baş tutacaq. Eyni zamanda, sərgi çərçivəsində konfranslar, forumlar, eləcə də maraqlı müsabiqə və viktorinalar təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.