CƏMİYYƏT


Bal alarkən nələrə diqqət edilməlidir?

Bakı, 8 iyul, AZƏRTAC

Təbii bal arılar tərəfindən çiçəklərdən və meyvə tumurcuqlarından alınaraq yığılan nektarlardan formalaşmış əvəzsiz qida məhsuludur. Mənşəyinə görə o çiçək və şirə balları kimi növlərə bölünür. Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, hormonlarla zəngindir. Onun tərkibində əsasən 13-20 faizi su, 75-80 faizi qlükoza, fruktoza, saxaroza və bir sıra digər vitaminlər var. Ballar bir-birindən tərkibində olan mikroelementlərin, efir yağlarının miqdarına görə fərqlənirlər.

Balın ilk ağla gələn xüsusiyyəti dadlı və şirin olmasıdır. Bunun səbəbi balın içində olan üzüm şəkəri, saxaroza və meyvə şəkəridir. Rənginə görə bal açıq və tünd olur. Balın rəngi bitkidən çəkilmiş nektardan asılıdır. Məsələn açıq rəngdə olan ballar günəbaxan, akasiya, tünd rəngdə olanlar isə qarabaşaq kimi bitkilərdən alınır. Bal insan orqanizminin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalanacağı bir qidadır. İlıq su ilə qarışdırılaraq içilən balın bir neçə dəqiqə içində vücuda enerji verdiyi təsbit edilib.

Bu məhsul antibakterioloji tərkibə malikdir. Balın antibakterioloji tərkibə malik olması orqanizmdəki müxtəlif növ mikrobların məhvini təmin edir.

Bal yığılan sahədə hansı bitki, ağac çoxluq təşkil edirsə, bal növü həmin bitkinin adı ilə adlanır. Məsələn cökə, günəbaxan, akasiya, şabalıd və s. ballar. Təbiətdə sırf bir bitkidən toplanmış bal tapmaq demək olar ki, mümkün deyil.

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, balın çox mühüm müalicəvi xüsusiyyətlərə malik olması artıq elmi cəhətdən əsaslandırılıb. Belə ki, balın qan azlığına, ürək və şəkər xəstəliklərinə, uşaqların boy artımına, dəri, qaraciyər, soyuqdəymə və s. xəstəliklərin müalicəsində əvəzsiz rola malik olması faktdır. Bal xarici bir təsirə məruz qalmazsa uzun müddət xarab olmur, keyfiyyətini itirmir.

Baldan danışarkən onun qablaşdırılması, saxlanması və istehlakçılara çatdırılması da az əhəmiyyət daşımır. Satışa bal ağzı möhkəm bağlanan şüşə bankalara və başqa növ şüşə qablara qablaşdırılaraq çıxarılır. Balı soyuq və tam qaranlıq olan yerdə saxlamaq daha yaxşıdır. Quru yerdə ağzı bağlı bal istənilən temperaturda saxlanıla bilər. Yüksək rütubət şəraitində isə +10º-dən aşağı və ya 30-32º temperaturda saxlamaq daha yaxşıdır. Bal kənar qoxuları tez götürmək qabiliyyətinə malikdir. Ona görə də onun saxlandığı otaq və qab təmiz olmalıdır. Balı dəmir və mis qablarda qətiyyən saxlamaq olmaz. Bu kimi qablarda bal kimyəvi reaksiyaya girir və nəticədə tərkibində zəhərli duzlar əmələ gəlir. Ağac çəllək və yeşiklərdə isə balı uğurla saxlamaq olar.

Xalis balın rütubəti az olduğundan kristallaşır, xarlayır. Balın xarlaması onun keyfiyyətinə xələl gətirmir. Əgər xarlanmış balı əvvəlki vəziyyətinə gətirmək istəyirsinizsə onu şüşə qabla birlikdə 35-40ºC temperatura qədər olan suyun içinə qoyun. Ancaq nəzərə alın ki, temperaturun bundan yuxarı olması balın tərkibindəki faydalı vitaminlərin itirilməsinə səbəb ola bilər.

Qablaşdırılmış bal markalandıqdan sonra satışa çıxarılmalıdır. Markalanarkən qabın korpusuna və qapağının üstünə məhsulun adını, botanik mənşəyini, yığım tarixini, istehsalçının, qablaşdırıcının adı və ünvanı, istehsalçının əmtəə nişanı, çəkisi, enerji dəyəri, saxlama müddəti və şəraiti, sertifikatlaşma ilə bağlı məlumat, məhsulun hazırlanmasını və sertifikatlaşmasını göstərən normativ sənədi əks etdirən etiket yapışdırırlar.

Müvafiq şəraitdə balın optimal saxlanılma müddəti 1 ildir. Bundan sonra o mikroblara qarşı olan xüsusiyyətlərini itirir. Qlükoza və fruktozanın həcmi 10-20 faiz aşağı düşür. Tərkibindəki vitaminlər dağılmağa başlayır. Saxaroza və turşuların sayı artır.

Bal alarkən onun laboratoriyada yoxlanılıb sertifikatlaşdırıldığına diqqət edin. Eyni zamanda, nəzərə alın ki, süni balın tərkibində ferment olmur və təbii bala xas olan qoxu vermir. O müalicəvi xüsusiyyət daşımır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.