SİYASƏT


Balaca Zəhranın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona Nümayəndələr Palatasının üzvü Ermənistan prezidentinə açıq məktub göndərib VİDEO

Bakı, 6 iyul, AZƏRTAC

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi ilə bağlı ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının üzvü Donald Şuter Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb. Məktubun bir surəti Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna göndərilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda mülki vətəndaşların, xüsusilə də uşaqların qətlə yetirilməsinin tamamilə qeyri-məqbul olduğu və beynəlxalq hüquq normalarını ciddi şəkildə pozduğu qeyd olunur.

Ermənistan-Azərbaycan münaqişəsi barədə danışan D.Şuter Azərbaycanın suveren ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin və etnik təmizləməyə məruz qoyulmasının çağdaş Avropa tarixinin ən qara səhifələrindən biri adlandırır. O, bu ədalətsizliyin yüz minlərlə azərbaycanlı məcburi köçkünün məşəqqətinə səbəb olmaqda davam etdiyini ürəkağrısı ilə vurğulayır.

Münaqişə zamanı azərbaycanlı mülki əhaliyə qarşı Ermənistan qoşunları tərəfindən müxtəlif qəddarlıqların törədildiyini qeyd edən D.Şuter bu səpkidə Xocalı soyqırımını diqqətə çatdırır. O qeyd edir ki, yüzlərlə uşaq, qadın və yaşlıların qətlə yetirildiyi bu qətliam müharibə və münaqişələrin mülki şəxslərə vurduğu böyük ziyanların bariz göstəricisidir.

Azərbaycanın işğal olunmuş ərazilərindən erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin indiyədək yerinə yetirilməməsinin təəssüf doğurduğunu diqqətə çatdıran D.Şuter bu münaqişənin bu gün Cənubi Qafqazdakı təhlükəsizliyə ən böyük hədə olduğunu vurğulayır.

Sonda mülki əhalinin hədəfə alınmasını tamamilə qəbuledilməz olduğunu qeyd edən D.Şuter balaca Zəhra və onun nənəsinin öldürülməsini qətiyyətlə pislədiyini bildirir, Ermənistan prezidentini bu dəhşətli cinayəti pisləməyə və bu cinayəti törədənləri tezliklə taparaq məsuliyyətə cəlb etməyə, eləcə də belə faciələrin təkrarlanmaması üçün müvafiq tədbirləri görməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.