REGİONLAR
Balaca Zəhranın və nənəsinin həyat hekayəsi səhnədə canlandırılıb
Füzuli, 18 iyul, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı XVIII mövsümünə “Mən Zəhrayam” adlı poetik xalq faciəsi ilə yekun vurub. Faciə erməni silahlı bölmələrinin atəşi nəticəsində rayonun Alxanlı kənd sakinləri Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazova və teatrın direktoru Vaqif Vəliyev çıxış edərək, erməni vandalları tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən təxribatları pisləyiblər. Bildirilib ki, iki yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirilməsi erməni vandalizmini bir daha bütün dünyaya göstərdi.
Sonra teatrın aktyorlarının ifasında balaca Zəhra və onun nənəsinin həyat hekayəsi tamaşada əks olunub.
Teatra dəvət olunan uşaqlar da çıxışlarını Zəhraya həsr ediblər. Zəhranın dilindən deyilən şeir və müraciətlər tamaşaçılarda düşmənə nifrət hissini daha da artırıb.
Tədbir “Biz Zəhrayıq” adlı çağırışla sona çatıb.