MƏDƏNİYYƏT


Balaca fırça ustasının “Mənim rəngli mozaikam” adlı sərgisi açılıb

A+ A

Bakı, 22 oktyabr, Flora Şükürova, AZƏRTAC

Oktyabrın 22-də “Bakı” Rəsm Qalereyasında balaca rəssam Ayxan İsazadənin “Mənim rəngli mozaikam” adlı rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi “Bakı” Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə qalereyanın rəhbəri Eldəniz Babayev çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Bildirib ki, sərginin təşkil olunmasında məqsəd ölkəmizin gələcəyi olan uşaqların bədii zövqünü formalaşdırmaq, onları milli-mənəvi dəyərlərə yiyələndirmək, gələcəkdə Azərbaycan mədəniyyəti incilərini layiqincə qoruyub saxlamaqdan ibarətdir.

Sonra balaca rəssamın müəllimi Tural İsmayılzadə və görkəmli rəssam Yusif Mirzə çıxış edərək balacaların istedadlarının kəşf edilməsi məqsədilə təşkil olunan bu tipli sərgilərin davamlı olacağına inamlarını ifadə ediblər.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Balaca fırça ustasının 50-dək əl işinin nümayiş olunduğu sərgidə milli natürmortlar, təbiət mövzuları, heyvanların və quşların qrafik təsvirləri çox uğurlu ifadə olunub.

Sonda balaca rəssama “Bakı” Rəsm Qalereyasının diplomu təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.