MƏDƏNİYYƏT
“Baladadaşın toy hamamı” musiqili komediyasının səhnə tərtibatı müzakirə olunub
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrında xalq yazıçısı Elçinin hazırda məşqləri gedən “Baladadaşın toy hamamı” musiqili komediyasının (bəstəkarı Firudin Allahverdi, şeirlərin müəllifi Vüqar Əbdulov) səhnə tərtibatının eskizlərinin müzakirəsi ilə bağlı dinləmələr keçirilib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, direktor, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev yeni tamaşanın məziyyətləri, süjet xətti, ideyası, günümüzlə səsləşən məqamları haqqında məlumat verib. Qeyd edib ki, “Baladadaşın toy hamamı” əsəri ümumilikdə, Abşeron, Bakı kəndləri, burada yaşayan insanların saf, təmiz duyğuları, həyat tərzi haqqında tamaşaçıda dolğun təəssürat yaradır.
Sonra tamaşanın quruluşçu-rəssamı, xalq rəssamı Tahir Tahirov hazırladığı eskizlər haqqında məlumat verib. Tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimova, direktor müavinləri, əməkdar mədəniyyət işçisi Elxan Ocaqov, Hüseyn Hüseynov, libretto müəllifi, əməkdar artist Nofəl Vəliyev, rəssam Elgün Vəliyev, quruluş hissə müdiri Həmid Kazımzadə, geyim üzrə rəssam Yelena Almazova və texniki şuranın digər üzvləri çıxış ediblər.
Xalq rəssamı Tahir Tahirov tərəfindən işlənən baxımlı və maraqlı tərtibat müəyyən təkliflərlə qəbul olunub.