MƏDƏNİYYƏT
Balakən Azərbaycanın mədəni paytaxtlarından birinə çevrilməkdədir
AZƏRTAC xəbər verir ki, bu sözləri Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev Balakəndə başlanan folklor və turizm festivalının açılış mərasimində jurnalistlərə müsahibəsində bildirib.
Festivalda respublikamızın müxtəlif şəhər və rayonları ilə yanaşı, Rusiya Federasiyasının və Gürcüstanın folklor kollektivlərinin də iştirak etməsinin çox təqdirəlayiq hal olduğunu vurğulayan nazirliyin rəsmisi daha sonra deyib: “Hesab edirəm ki, belə festivalların keçirilməsi nəinki Balakənin, eyni zamanda, bu bölgənin mədəni həyatına müsbət təsir göstərəcək. Güman edirəm ki, festival ənənəvi olaraq keçiriləcək və 2015-ci ildən etibarən beynəlxalq status alacaq. Gələcəkdə bu festivalda bir çox ölkələrin folklor kollektivləri iştirak edəcəklər. Biz Mədəniyyət və Turizm Nazirliyi olaraq, belə tədbirlərin, festivalların keçirilməsinə daim dəstəkləyirik və bu belə də olacaqdır”.