CƏMİYYƏT
Balakən-Şəki bölgəsi çaylarında daşqın olub
Bakı, 4 iyul, AZƏRTAC
Ötən günlər ərzində Balakən-Şəki bölgəsinə yağan lokal leysan xarakterli yağış nəticəsində iyulun 2-də axşam və iyulun 3-də gecə saatlarında Kişçay və Şinçay çaylarından qısamüddətli daşqın keçib. Hazırda həmin çaylarda sabit sululuq müşahidə olunur. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 80-90 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. İyulun 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 9 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 255 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 115 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 230 kubmetr təşkil edir.
Kür çayının aşağı axınında suyun səviyyəsi əsasən azalıb, Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində mühüm dəyişiklik baş verməyib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 324, Salyanda 93, Bankədə 191, Novruzlu məntəqəsində isə 47 santimetrdir.