REGİONLAR
Balakən məktəbliləri asudə vaxtlarını idman meydançalarında keçirirlər
Balakən, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzi, Balakən rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” devizi altında keçirilən məktəblilər arasında idman turnirlərinə yekun vurulub.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışların keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarını mənalı və səmərəli təşkil etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaqdır.
Balakən Olimpiya İdman Kompleksində keçirilən mini futbol turnirində 8 məktəbin komandası iştirak edib. Qazma kənd məktəbinin komandası turniri birinci pillədə başa vurub. Sonrakı yerləri Balakən şəhərindəki humanitar və texniki təmayüllü liseyin və Yeni Şərif kənd məktəbinin komandaları tutublar.
Sərbəst güləş üzrə yarışlarda isə 8 çəki dərəcəsində 70 yeniyetmə idmançı mübarizə aparıb.
Hər iki turnirin qalibləri medallarla mükafatlandırılıblar.