REGİONLAR


Balakən rayonu üzrə pulsuz tibbi müayinələrə 60 mindən çox sakin cəlb olunub

Balakən, 15 may, Mustafa Dadaşov, AZƏRTAC

Son illər ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədi ilə davamlı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, bu il fevralın 15-də başlanan və üç ay davam edən əhalinin növbəti kütləvi pulsuz tibbi müayinə aksiyası da məhz belə tədbirlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu nəcib aksiya ölkənin hər yerində olduğu kimi, Balakən rayonunda da uğurla başa çatıb. Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada fəal iştirak ediblər.

Rayon mərkəzi xəstəxanasının baş həkimi Dilbər Quliyevanın bildirdiyinə görə, tibbi müayinələrə Balakən rayonu üzrə 18 yaşdan yuxarı 61 minə yaxın insanın cəlb olunması nəzərdə tutulurdu. Müayinələr rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin 13 kənd həkim məntəqəsində aparılıb. Eyni zamanda, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar həkim briqadaları ucqar kəndlərdə yaşayan və xəstəxanalara getmək imkanı olmayan sakinləri evlərində müayinədən keçiriblər. Tibbi müayinələr rayonun 54 yaşayış məntəqəsini əhatə edib.

Aksiya çərçivəsində, ümumilikdə, 60 min 44 sakin müayinədən keçib. Müayinə olunanların 3394 nəfərinə ambulator müalicə təyin edilib, 492 nəfər stasionar müalicəyə cəlb olunub, 183 nəfər üzərində cərrahiyyə əməliyyat aparılıb. 212 nəfər daha geniş müayinə olunmaq və müalicə almaq üçün paytaxtın ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Kütləvi pulsuz tibbi müayinələrin keçirilməsi rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.