REGİONLAR
Balakən rayonunun Hənifə kəndində yeni subartezian quyusu istifadəyə verilib VİDEO
Balakən, 6 may, Mustafa Dadaşov, AZƏRTAC
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də içməli su təchizatının yaxşılaşdırılması layihələrinin icrasını davam etdirir.
AZƏRTAC xəbər verir ki, cəmiyyət tərəfindən Balakən rayonunun Hənifə kəndində icra olunan layihə uğurla başa çatıb və layihə çərçivəsində mayın 6-da kənddə yeni subartezian quyusu istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktor müavini Ramin Sadiqov çıxış edərək, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq, son illər bölgələrin, xüsusilə də ucqar kəndlərin içməli su ilə təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyünü diqqətə çatdırıblar.
Bildirilib ki, 1200 ev təsərrüfatından ibarət olan və 6500 sakinin yaşadığı Hənifə kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi bir neçə mərhələdə həyata keçirilib. İlkin mərhələdə kənd ərazisində 500 kubmetr tutumu olan su anbarı tikilib və 864 sakinin içməli su təchizatı yaxşılaşdırılıb. 2011-ci ildə kənddə bir ədəd artezian quyusu qazılıb və polad borularla 2,4 kilometr uzunluğunda su xətti çəkilib. Görülmüş işlər nəticəsində 270 fərdi ev təsərrüfatı olmaqla, 945 sakin dayanıqlı içməli su ilə təmin edilib.
Diqqətə çatdırılıb ki, kəndin digər hissəsini su ilə təmin etmək üçün 2016-cı ildə yeni subartezian quyusu qazılıb və 16 kubmetr tutumu olan bir ədəd su çəni quraşdırılıb. Su mənbəyindən kəndə polietilen borularla 1 kilometr uzunluğunda su xətti çəkilib. Bununla da 200 ev təsərrüfatı içməli su ilə təmin edilib.
Ümumiyyətlə, Hənifə kəndində yeni su təchizatı sistemlərinin yaradılması nəticəsində, ümumilikdə, 2200 nəfərə yaxın sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Kəndin digər hissəsi isə hazırda yerli bələdiyyənin balansında olan su təchizatı sistemlərindən istifadə edir.