REGİONLAR


Balakəndə “ABAD” layihəsinın təqdimatı keçirilib

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Balakən rayonunda “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə sahibkarlar, fermerlər, “ABAD” layihəsindən yararlanmaq istəyən ailələr iştirak ediblər.

Əvvəlcə əl işləri və ayrı-ayrı ailələr tərəfindən hazırlanmış məhsullardan ibarət sərgiyə baxış olub.

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, Prezident İlham Əliyev 2016-cı il sentyabrın 23-də “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin yaradılması ilə bağlı Fərman imzalayıb. Bu mərkəzlərin yaradılmasında əsas məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaqdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri İnam Kərimov bildirib ki, layihə çərçivəsində kənd təsərrüfatı, əl işi və sənətkarlıq sahələrində ailə bizneslərinin, brendlərinin formalaşdırılmasına maddi və texniki yardım olunacaq. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. “ABAD”ın fəaliyyəti resurslardan səmərəli istifadəyə, innovativ yeniliklərin və metodların tətbiqinə əsaslanır. Mərkəz beynəlxalq səviyyədə rəqabətqabiliyyətli məhsulların istehsalını həyata keçirən ailə bizneslərinin və digər sahibkarlıq fəaliyyəti növlərinin təşkilini təmin edir, məhsulların istehsalı, satışı və xarici bazarlara çıxarılmasında vasitəçi rolunu oynayır. Bununla da mərkəz regional inkişaf proqramına təkanverici qüvvə olmaqla, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin və rifah halının artırılmasında da əlaqələndirici və nəzarət funksiyalarını həyata keçirir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev isə çıxışında vurğulayıb ki, “ABAD” Balakən rayonunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını təmin edəcək. Məqsəd regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.