REGİONLAR
Balakəndə barama istehsalı 12,5 tona çatdırılacaq
Balakən, 3 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunda barama istehsalının əvvəlki illə müqayisədə 4 dəfəyədək artırılaraq 12,5 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar 115 kümçü ilə müqavilə bağlanılıb, onlara 250 qutu, yəni 4 kiloqram 750 qram ipəkqurdu paylanılıb. Artıq istehsalçılardan barama qəbuluna başlanılıb. Məhsul tədarükünün ilk günündə kümçülərdən 349 kiloqram yaş barama qəbul olunub. Qəbul prosesi “Şəki-İpək” ASC-nin mütəxəssislərinin iştirakı ilə həyata keçirilib.
Bu barədə AZƏRTAC-a Balakən Kənd Təsərrüfatı İdarəsinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Rayon üzrə mövsümün ilk barama məhsulu Hənifə kənd sakini Şahid Mehdiyevdən qəbul edilib. O, məntəqəyə 154 kiloqram barama təhvil verib. Kümçünün bildirdiyinə görə, bu il 50 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olub. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan Ş.Mehdiyev gələn il barama istehsalını daha da artırmağı planlaşdırır.
Sarıbulaq kənd sakini Ayşə Kəlləyeva isə barama qəbulunun birinci günündə məntəqəyə 104 kiloqram məhsul təhvil verib.
Qeyd edək ki, yaş baramanın satış qiymətinin bu il yenidən artırılaraq 9 manata çatdırılması balakənli kümçülərin də ürəyincədir. Onlar növbəti illərdə bu sahəyə daha çox diqqət ayırmağı nəzərdə tuturlar.