REGİONLAR


Balakəndə keçirilən Respublika şahmat olimpiadasında 500-ə yaxın idmançı mübarizə aparır

A+ A

Balakən, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC 

Balakən Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmə və gənclər arasında Respublika şahmat olimpiadasına start verilib. Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən yarışlarda respublikamızın 50 şəhər və rayonunu təmsil edən 500-ə yaxın şahmatçı mübarizə aparır.

AZƏRTAC xəbər verir ki, yarışlara başlamazdan əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Olimpiadanın rəsmi açılış mərasiminin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib.

Mərasimdə Balakən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənov çıxış edərək ölkəmizdə şahmatın inkişafına göstərilən dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib. İsveçrə sistemi ilə keçirilən yarışlarda şahmatçılar iki yaş qrupunda mübarizə aparırlar. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılovdur.

Şahmat olimpiadası iyulun 19-dək davam edəcək. Olimpiadanın qalibləri yarışın təşkilatçıları tərəfindən mükafatlandırılacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.