REGİONLAR
Balakəndə tütünçülüyə maraq artıb
Balakən, 22 may, Mustafa Dadaşov, AZƏRTAC
Cari mövsümdə Balakən rayonunun təsərrüfatlarında 520 hektar sahədə tütün əkilməsi nəzərdə tutulub. Artıq təsərrüfatlarda tütün əkini kampaniyası mütəşəkkil qaydada başa çatmaq üzrədir. Balakənli fermerlər indiyədək 515 hektar sahəyə tütün şitili köçürüblər. Qarşıdakı günlər ərzində daha 10-15 hektar sahədə tütün əkilməsi gözlənilir.
Bu barədə AZƏRTAC-a Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Ötən il olduğu kimi, cari mövsümdə də rayonun tütün istehsalçıları ətirli tütün növləri ilə yanaşı, yerli tütün sortlarının əkininə də üstünlük veriblər.
Talalar kəndindən olan fermer Şahin Əhmədov builki mövsümdə 39 hektar sahədə “Virciniya” növlü ətirli tütün əkib. Dövlətin bu sahəyə dəstəyindən ruhlanan fermer bu il tütün əkini sahələrini ötən illə müqayisədə 10 hektar artırıb.
Xatırladaq ki, iyirmi illik fasilədən sonra 2016-cı ildə Balakən rayonunda yenidən tütün yetişdirilməsinə başlanılıb. Ötən il rayonda 501 hektar sahədə tütün əkilib. Balakənli fermerlər ötən mövsüm 1150 ton yaşıl tütün kütləsi və 96,3 ton quru tütün istehsal ediblər.