İDMAN


Balakəndə yunan-Roma güləşi üzrə turnirin açılış mərasimi keçirilib

A+ A

Balakən, 30 iyul, Səxavət Quliyev, AZƏRTAC

İyulun 30-da Balakən Olimpiya İdman Kompleksində Əməkdar Məşqçi, SSRİ idman ustası İsmayıl Çopsiyevin anadan olmasının 70 illik yubileyinə həsr olunan yunan-Roma güləşi üzrə turnirin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə güləşçilərin paradı olub.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev güləşçilərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. O, yubilyarın Balakəndə, həmçinin respublikamızda güləşin inkişafında xidmətlərindən, yetirmələrinin Avropa və dünya çempionatlarındakı uğurlu çıxışlarından danışıb.

İsmayıl Çopsiyevin gözəl insanı keyfiyyətləri, təcrübəli məşqçilik fəaliyyəti haqqında məlumat verən Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov turnirin əhəmiyyətini yüksək qiymətləndirib. E.Cəfərov yubilyara Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədovun salamlarını çatdırıb, ona xatirə plaketi və hədiyyə təqdim edib.

Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov nazir Azad Rəhimovun İsmayıl Çopsiyevə ünvanlandığı təbrik məktubunu oxuyub. T.Eyvazov görkəmli məşqçinin Azərbaycanda güləşin inkişafındakı xidmətlərindən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda Azərbaycanın dövlət himni səsləndirilib.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2000-2002-ci il təvəllüdlü idmançılar mübarizə aparırlar.

Turnirdə Azərbaycanın regionlarından 100-dən çox güləşçi birincilik uğrunda yarışır.

Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 10 çəki dərəcəsində mübarizə aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.