REGİONLAR
Balakənin dağ çaylarında beton bəndlər qurulur
Balakən, 5 oktyabr, AZƏRTAC
Balakən rayonunun yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək məqsədi ilə rayon ərazisindən axan dağ çaylarında sahilbərkitmə işləri davam etdirilir.
Rayon Suvarma Sistemləri İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ilin ötən dövründə Mahamalar kəndinin müdafiəsi üçün Balakən çayında 130, Katex kəndinin müdafiəsi üçün isə Katex çayında 100 poqon/metr uzunluğunda daş-beton bəndlər tikilib. Bundan əlavə, Balakən çayında 40 metr uzunluğunda beton bənddə əsaslı təmir işləri aparılıb.
Ötən müddət ərzində idarə tərəfindən Balakən, Mazım, Katex, İnter və Himbul çaylarının yataqlarında 450 min kubmetr həcmində məcra təmizləmə işləri aparılıb. Əkin sahələrinin suvarılması işini yaxşılaşdırmaq məqsədi ilə Katex, Qazbinə, Mahamalar kəndlərində 13 min 267 poqon/metr uzunluğunda beton üzlüklü kanallar tikilib istifadəyə verilib.